Daha iki ölkə Qətərdəki səfirini geri çağırdı

Daha iki ölkə Qətərdəki səfirini geri çağırdı
  08 İyun 2017    Oxunub:3087
Cənubi Afrika Respublikası Qətərdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin XİN rəsmisi "Reuters"ə açıqlamasında deyib.

Bundan başqa Seneqal da Qətərdəki səfirini geri çağırıb.

Məlumata görə, Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrahman Əl Tan bu şənbə Moskvaya səfər edəcək.

Qətərin naziri həmkarı Sergey Lavrovla danışıqlar aparacaq. Səfər Doha ilə bir sıra ərəb ölkələri arasında yaşanan diplomatik qalmaqal fonunda baş tutacaq.

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın, əslində, elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb, diplomatik əlaqələrini kəsiblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qətər  





Xəbər lenti