İngiltərədə qaçqınlarımızın afişası

İngiltərədə qaçqınlarımızın afişası
  28 Fevral 2013    Oxunub:1840
Avropa Azərbaycan Cəmiyyəti İngiltərə və Uelsin dəmir yolu stansiyalarında afişa kampaniyasına başlayıb.
AAC-dan verilən məlumata görə, kampaniyanın məqsədi 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini həmin ölkələrin ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatına dair ümummilli afişa kampaniyasından ilk afişa Xocalı faciəsi qurbanlarına həsr olunub. Bu afişada Xocalı qətliamından xilas ola bilmiş Mahirə xanım və faciədən sonra valideynləri ilə birgə qaçqın düşərgəsində yaşamış on yaşlı Nəzrin əks olunub. Fotolar tanınmış fotoqraf Filip Ratmer tərəfindən çəkilib.

Afişada Xocalı faciəsini törədənləri qınanması və Ermənistanın işğalı nəticəsində qaçqın olmuş azərbaycanlıların öz evlərinə qayıtmasının təmin olunmasına kömək etməsi üçün Britaniya baş nazirinə ünvanlanmış Petisiyanı imzalamaq üçün Britaniya ictimaiyyətinə müraciət edilir.

Qeyd etmək lazımdır ki, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Britaniya hökumətinin saytında yerləşdirilən bu Petisiya Britaniya vətəndaşları və rezidentlər üçün imzalanmaya açıqdır.

Afişa kampaniyasına münasibət bildirən Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, Azərbaycanla Ermənistan arasındakı bu münaqişə bəzən “dondurulmuş münaqişə” kimi təqdim olunur, amma təmas xəttində hər gün atışma baş verir: “İyirmi ildən artıq müddət ərzində öz evlərinə və doğma torpaqlarına qayıtmalarının qarşısı alınmış qaçqınlar və məcburi köçkünlərə də göz yumulur. Bu afişa kampaniyası hamıya münaqişənin davam etdiyini və qurbanların hələ də əzab çəkdiyini xatırlatmaq üçün atılmış bir addımdır. Artıq bu çıxılmaz vəziyyəti aradan qaldırmaq lazımdır ki, bu insanlar öz evlərinə qayıda bilsinlər”.




Teqlər:  





Xəbər lenti