Fond Belarusla elmi əlaqələri gücləndirir
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Belarus Respublikasının Azərbaycandakı səfirliyindən Elmin İnkişafı Fonduna bu günlərdə daxil olmuş rəsmi məlumata əsasən, Elmin İnkişafı Fondunun irəli sürdüyü təşəbbüs üzrə əldə edilmiş razılaşmalar artıq reallaşdırılmaq üzrədir.
2017-ci ilin oktyabr-noyabr aylarında Minskdə tərəflərin təşkilatçılığı ilə Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi 1-ci konfransın davamı olaraq, 2-ci Azərbaycan-Belarus elmi konfransının keçirilməsi qərara alınıb. Konfransda birgə qrant layihələri üzə alınmış nəticələrin xüsusi müzakirəsi planlaşdırılır.
Belarus alimlərinin elmi nailiyyətlər sərgisi isə 2018-ci ildə Bakıda təşkil edilərək keçiriləcək.
Hazırda 2017-ci ildə elan olunmuş 2-ci Azərbaycan–Belarus birgə beynəlxalq qrant müsabiqəsi üzrə daxil olmuş layihələrin elmi ekspertizası işi həyata keçirilir və nəticələrin cari ilin sentyabr ayında açıqlanması nəzərdə tutulur.
Azərbaycan və Belarus arasında siyasi və iqtisadi sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlıq yeni dövrün tələblərinə uyğun olaraq qurulub, müvafiq sazişlər imzalanıb, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində Azərbaycan və Belarusun fondları birgə müsabiqələr təşkil edərək keçirib.
AzVision.az
Teqlər: Azərbaycan Belarus