Səməd Vurğunu xilas edən bəy oğlu – Adil İsgəndərov haqqında bilmədiklərimiz

Səməd Vurğunu xilas edən bəy oğlu – Adil İsgəndərov haqqında bilmədiklərimiz
  14 İyun 2017    Oxunub:75641
AzVision.az-ın növbəti müsahibi Azərbaycanın görkəmli teatr və kino rejissoru, tanınmış aktyor, Zaqafqaziyanın ilk SSRİ xalq artisti Adil İsgəndərovun qardaşı oğlu Elxan İsgəndərovdur. Vaxtı ilə aktyorun doğma oğlu kimi sevdiyi Elxan İsgəndərov bizə böyük şəxsiyyət, əzəmətli insan və sənət fədaisi olan əmisinin keçdiyi həyat yolu, sənəti ilə bağlı maraqlı məqamlardan danışıb:
-Söhbətimizə Adil İsgəndərovun uşaqlığından, böyüdüyü ailədən başlamaq istərdim.

- O, Rza bəyin ailəsində böyüyüb. Əslində bizim soyadımız İsgəndərov yox, İsgəndərbəyli olub. Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün əmimgil soyadlarını dəyişiblər. Rza bəy əmimin 6 yaşı olanda rəhmətə gedib. O, ailə düşmənçiliyinin qurbanı olub. Gəncədə çox hörmətli bəylərdən sayılıb. Anası isə Möhsün bəyin qızı idi. Gəncə İcra Hakimiyyətinin binasının yerində əvvəllər karvansara olub, onun bir hissəsi Möhsün bəyin ,digər hissəsi isə başqa bir şəxsinmiş. Adil bəyin isə 3 qardaşı və ögey bacıları olub.

-Bəy nəsli, bəy övladı hara, incəsənət hara?

-Adil əmim 10 yaşından Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə qoşulub. Teatra çox meyilli olub. Hətta 13 yaşında “Qaçaq Kərəm” tamaşasını qurub. Kərəm obrazını özü oynayıb. Yaradıcı adamlar baxıblar ki, bu, böyük bir tetarın tamaşasıdır. Elə buna görə də onu Bakıya gətiriblər. Burada teatr texnikomunu əla qiymətlərlə bitirib, təhsilini davam etdirmək üçün Moskvaya gedib. Bakıya qayıdandan sonra 26-27 yaşında “Azdrama”nın baş rejissoru, sonra direktoru olub. Uzun müddət teatrda fəaliyyət göstərib, səhnəyə yeni tamaşalar qoyub. Onun dövründə “Azdrama”ya hamı “İsgəndərovun teatrı” deyirdi. Teatrı çox sevirdi, özünü, səhhətini bu yolda fəda edirdi.

Təssüflər olsun ki, belə uğurlara və zəhmətə baxmayaraq, bu cür uğurdan və zəhmətdən sonra Xruşovun qərarı onun teatrdan ayrılmasına səbəb oldu. Xruşov qərar çıxartdı ki, bir adam iki vəzifə daşıya bilməz. Əmim ya baş rejissor olmalı idi, ya da teatrın direktoru. Bu qərar onu sevməyənlərin əlinə böyük fürsət verdi.

Adil bəy də belə şeyləri qəbul edə bilmirdi. Kiminsə buyruğu ilə işləyə bilməzdi. Buna görə də teardan uzaqlaşdı.



-Eşitdiyimə görə, çox zəhimli insan olub. Hər adam ona yaxınlaşmağa ürək etmirmiş..

- Əmim həm sadə, həm də zabitəli insan olub. Moskvanın kinostudiyalarında onu görən kimi hamı qırağa çəkilib, yol verirdi. Bəy balası olması onun şəxsiyyətində özünü göstərirdi. Onda zabitə Allahdan gəlmə vergi idi.

“Azdrama”ya girəndə həyətdə, dəhlizdə bir adam qalmırdı. Kinostudiya əvəllər bazar idi. Amma o gələndən sonra hər şey dəyişmişdi. Ancaq evdə körpə uşaq kimi idi. Bizimlə mədəni rəftar edirdi.

-Övladları indi haradadırlar?

-Qızı Dilarə xanım Azərbaycandadır. Nigar isə ailəsi ilə birlikdə Almaniyada yaşayır. Övladlarından heç biri onun yolunu davam etdirmədi. Yalnız Dilarənin yoldaşı Oqtay Orucov ssenarist kimi fəaliyyət göstərirdi.

-Müsahibələrinizdən birində Ramiz Məmmədzadənin, Azad Şərifovun adını çəkib əminizi sevmədiklərini demişdiniz. Maraqlıdır, buna səbəb nədir? Niyə Adil bəylə düşmənçilik edirdilkər ki?

- Əmim istəmirdi ki, bu cür şəxslər onun sənətinə müdaxilə etsinlər. Deyirdi ki, sənətdən xəbərləri yoxdursa, necə müdaxilə edə bilərlər. Bu da onların xoşuna gəlmirdi. Göstəriş verirdilər ki, filankəsi kinoya çək. Əmim buna əsəbiləşirdi. Deyirdi, mənim görmə qabiliyyətimə nolub ki?!

Ona kimsə deyə bilməzdi ki, filankəsə rol ver. Bunu qəbul etmirdi. Adamın üzünə baxan kimi bilirdi ki, kim hansı rolu oynaya bilər. Onda bununla bağlı fitri istedad var idi.

Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Kozlov bir dəfə əmimə zəng edib ki, filankəsi bu rola çək, bir yahudi var, onu da rejissor köməkçisi qoy. Əmim bunu qəbul etməyib. Deyib, yoldaş Kazlov, siz bilirsinizmi ki, mikrorayonda su gəlmir? Siz yaxşı olar ki, su ilə məşğul olun, mən kino ilə məşğul olaram. Bunu deyib telefonun dəstəyini asıb. Bəs bunu ona bağışlayardılarmı ?



Əmimin ermənilərdən qəti xoşu gəlməzdi. Bir dəfə rejissor Əbdül Mahmudbəyov Moskvadan bir erməni ssenaristini Bakıya gətirib. Əmimə deyib ki, həmin erməninin ssenarisi əsasında Azərbayacan neftçiləri haqqında film çəkmək istəyir. Əmim onlardan heç nə soruşmayıb. Baxan kimi bilib ki, o, ermənidir. Həmin erməniyə müraciətlə deyib ki, sən bura gələndə girişdə nə yazılmışdı? Erməni də cavabında “Azərbayacan film” yazıldığını bildirib. Adil əmim, “bura yazılmayıb ki, İrəvanfilm? Vağzalın yeri bilirsən? Otur maşına, get İrəvana, orada nə istəyirsən çək”,- deyərək ermənini kinostudiyadan qovub.

Əbdülü danlayıb ki, niyə Azərbaycan neftçiləri haqqında ermənin ssenarisindən istifadə olunmalıdır? Onlara qarşı daxili antipatiyası var idi. Millliliyi xoşlayırdı.



“Axrıncı aşırım” çəkiləndə mən epizodik rolda çəkilirdim. Filmlə bağlı Fərman Kərimzadə ilə əmim tez-tez güclü mübahisələr edirdilər. Moskva filmi ssenaridə olduğu kimi çəkməyə qoymurdu. Ssenaridə edilən dəyişiklik də Fərman müəllimin xoşuna gəlmirdi. Əmim ona deyirdi ki, Fərman, sən başa düşmürsən, bu gələcəkdə bizə lazım olacaq. Nə cür çəkilir, qoy çəkilsin. Tarixi film olacaq.

Əslində Kərbalayi Sovet hökuməti ilə deyil, ermənilərlə vuruşurdu. Bu filmdə oynadıqları kişi roluna görə Tiflisdə keçirilən festivalda Həsən Məmmədova və əmimə qızıl medal vermişdilər. O, istəyirdi ki, həmin medal Məlik Dadaşova verilsin. Ancaq Moskva icazə vermədi. Məlik Dadaşov onun tapıntısı idi. Onu sənətə əmim gətirmişdi.

-Bildiyimə görə, Səməd Vurğunu Mircəfər Bağırovun qəzəbindən Adil İsgəndərovn quruluş verdiyi tamaşanın mükəmməlliyi xilas edib. Bu barədə məlumatınız varmı?

-Mircəfər Bağırova donos yazmışdılar ki, Ağa Məhəmməd şah Qacar obrazı onun prototipidir. Səməd Vurğun onu baş kəsən, qan içən kimi göstərmək istəyir. Həmin vaxtlar Adil İsgəndərov “Vaqif” pyesini səhnələşdirirdi. Xəbər gəlib ki, Mircəfər Bağırov gəlib tamaşaya baxacaq, zalda ondan başqa heç kim olmayacaq. Səməd Vurğun da, əmim də çox həyacan keçiriblər.Tamaşanın yaxşı alınması üçün əllərindən gələni ediblər. Həmin gün evdəkilərlə sağollaşıblar ki, birdən qayıtmazlar.

Mircəfər Bağırova donos yazanlar gözləyiblər ki, tamaşadan sonra Adil İsgəndərovu da, Səməd Vurğunu da maşına qoyub aparacaqlar. Ancaq əksinə olub. Bağırov tamaşanı çox bəyənib. Buna görə onlara təşəkkür edib.

Səhəri gün əmimə xidməti maşın hədiyyə olunub. Ondan sonra neçə-neçə gözəl tamaşaları səhnəyə qoydu. 39 yaşında Xalq artisti adı aldı. 1959-cu ildə isə SSRİ-nin Xalq artisti oldu.

"Otello", "Romeo və Culyetta" , "Vaqif" tamaşaları oynanılanda camaat bilet tapa bilmirdi. Anşlaq olurdu. Hətta dövlət adamlarının ailə üzvləri əvvəlcədən Zina xalaya zəng edib tamaşalara bilet istəyirdilər.



-Bəs sənətini çox sevdiyi Ələsgər Əlkbərovla nəyə görə düşmən kimi idilər?

-Vəli Axundov Ələsgər Ələkbərovun yaxın qohumu idi. O, Mərkəzi Komitənin Birinci Katibi seçiləndən sonra Ələsgər Ələkbərov çox dəyişdi. Bir gün zəng edirdi ki, səhhətim pisdir, gələ bilmirəm, başqa gün deyirdi, tamaşanın vaxtın dəyişin. Belə özbaşınalıqları Adil isgəndərov qəbul etmirdi.

Moskvada “Vaqif”i səhnəyə qoyarkən əmimə deyib ki, asmam tutub gələ bilmirəm, mehmnxanaya təcili yardım çağırmışam. Əmim bildirib ki, ağılsızlq etmə, səhnəyə çıxmalısan, bizi pis vəziyyətdə qoyma. Ancaq o səhnəyə çıxmayıb. Belə olan halda Adil bəy səhnəyə Ağadadaş Qurbanovu çıxarıb. Bundan sonra doğurdan da Ələsgər Ələkbərovun asması tutub, təcili yardım çağırıblar.

-Amma Ələsgər Ələkbərov Adil bəyin əməyini danmayıb.

-İnkar edə də bilməzdi. O, Ələsgər Ələkbərovun üzərində qurduğu “Otello”nun hər aspektini vermişdi. Münasibətləri yaxşı olmasa da, Ələsgər Ələkbərova sənətkar kimi qiymət verirdi, qabağa çəkirdi. Əmimi ancaq sənət maraqlandırırdı.

Məsələn ,"Nəsimi" filmində Teymurləng obrazını istəsəydi özü oynaya bilərdi. Ancaq çəkilməkdən imtina etdi, dedi ki, Yusif Vəliyevin Teymurləngi daha mükəmməldir. Və ya “Dəli Kür” filmini götürək. Rejissor Hüseyn Seyidzadə Adil İsgəndərovu Cahandar ağa obrazında çəkirdi. Hətta film 240 metr lentə alınmışdı. Əmim rejissora məsləhət gördü ki, bu rola daha çox Ələdin Abbasov uyğun gələr, onu çəksinlər. Halbuki, özü də bu rola uyğun gəlirdi. Ancaq əmim filmlərin çəkilişi zamanı sənətkar mövqeyindən çıxış edirdi, özünü deyil, sənəti, Azərbaycan kinosunu düşünürdü.



-Həyat yoldaşı Zina xanımın aktrisalıq qabiliyyəti olub. Onu nə əcəb filmə çəkməyib?

-Zina xanım çox gözəl qadın idi. Onlar dram dərnəyində tanış olmuşdular. Əmim ondan 7-8 yaş böyük idi. Həyat yoldaşının işləməyinə razı deyildi. Zina xanım onun xasiyyətini bildirdi. Buna görə də israr etmirdi.

Zina xanım kimi ərə qarşı diqqətli olan qadın görməmişəm. Mənə doğma oğlu kimi baxırdı. Milliyətcə rus idi, amma bizim adət -ənənələrə, qaydalara əməl edirdi. O, 93 yaşında rəhmətə gedib.



-Əvvəllər qızların aktyorlara xüsusi sevgiləri var idi. Adil İsgəndərova sevgi məktubları gəlirdimi?

-Əlbəttə. Belə məktublar çox olurdu. Amma əmim öz xanımına hörmət edirdi. Ailəsinə qarşı yalnış addımlar atmazdı. Bir dəfə restoranda yemək yeyib evə getdik. Zina xala da arpa yarması sıyığı və borş bişirmişdi. Dedim gəl deyək ki, toxuq, yemişik. Dedi, bütün günü qazın qırağında yanıb, bizə yemək bişirib. Necə deyək yemirik. Sən ye, xətrinə dəyməsin. Özü isə dedi ki, şəkərim qalxıb, dərman atacam. Bu adla süfrədən qalxdı.

Mən qaldım tək. Zina xala mətbəxə gedən kimi, arpa yarması sıyığını göstərib qulğıma pıçıldadı ki, anam bunu cücələrə verirdi...(gülür)



1978 -ci ildə Əjdər İbrahimov Nazim Hikmətin “Fərhad və Şirin”ini çəkirdi. Adil əmimə filmdə rol vermişdi. Buna görə aktyorlar Türkiyəyə getmişdilər. Əmim oradan qayıdarkən bir qızıl sep və sırğa alıb gətirmişdi. Zinət əşyalarını evə gətirən kimi böyük nəvəsi sepi götürdü ki, bu mənimdir, babamın hədiyyəsidir. Zina xala bundan inciyən kimi oldu. Əmimə dedi ki, ona heç vaxt qızıl almayıb. Əmim cavabında: "qızıl sənin nəyinə lazımdır, özün qızılsan da, hətta brilliantsan", - deyib kölünü aldı.

Bir məqamı da diqqətinizə çatdırım ki, Türkiyəyə getməmişdən öncə ona Azərbaycanda xəbərdarlıq etmişdilər ki, nə badə Türkiyədə 1920-ci illərdə Azərbayacanı tərk edib gedən Gəncə bəylərinin övladları, nəvələri, nəticələri ilə görüşərsən.Çünki orada yaşayan Gəncə bəylərinin qohumları əmimin bəy oğlu olduğunu bilirdilər və onu görməyi çox istəyirdilər.

Türkiyədən ona xeyli dəvətlər gəldi, görüşmək istədiklərini dedilər. Amma o görüşmədi. Bilirdi ki, görüşsə, KQB-nin mütləq bundan xəbəri olacaq. Və nəticəsi yaxşı olmayacaq.



-Adil İsgəndərovun dəfni ilə bağlı mətbuatda fərqli məlumatlar yazılıb. Bu məsələyə aydınlıq gətirməyinizi istəyərdim.

-Bilirəm. Bir aktyor o vaxt məlumat yaymışdı ki, guya Adil İsgəndərovu gecə gizlincə dəfn etmişik. Bunların hamısı yalandır. Həmin günün tarixçəsi bir qədər fərqlidir.

Əmim arada sevdiyi yeməkləri bişirərdi. Həmin gün piti bişirmişdi. Mən ailəmlə onlardaydım. Pitini elə təzəcə yeyib bitirmişdik, bacım dedi ki, Nizami kinoteatrında bu gün yaxşı kino olacaq, saat səkkiz seansına gedək baxaq. Əmim də dedi,"qadam, siz gedin, kinodan gələndən sonra çay dəmliyərəm içərik". Biz həmişə onunla gecə saat ikiyə- üçə kimi söhbət edirdik. Kinodan çıxandan sonra mən bacılarımı yola salıb öz evimizə qayıtdım. Həyətə təzəcə girmişdim, qonşu qız dedi ki, bacınız zəng eləyib, telefonda ağlayırdı. Əminiz rəhmətə gedib.

Tələm-tələsik onlara getdim. Gördüm Mirzə İbrahimov, Süleyman Rüstəm əmimgilin həyətindədir. Sən demə biz kinoda olanda ürəyi sancdığına görə təcili yardım çağırıb. Onlar gəlib iynə vurublar, ancaq orqanizmi iynəni qəbul etməyib, elə də qoyub çıxıb gediblər.
Həmin gecə məscidə aparıb, yudurtdum. Dəfn edilməsi üçün səhərin açılmasını gözlədik.

Səhəri gün saat 10-da da Brejnev Bakıya gələsi idi. Camaatı Moskva prospektindən hava limanına kimi küçələrə düzmüşdülər. Rəsmilərin başı Brejnevin gəlişinə qarışmışdı. Bakıda bununla bağlı güclü hazırlıqlar gedirdi. Buna görə də Heydər Əliyev dəfn mərasimini Kamran Hüseynova tapşırmışdı. Kamran Hüseynov dedi, meyiti yarıb diaqnoz verməlidirlər. Onu zəhərliyə də bilərdilər. Məlum oldu ki, damarlarında tromp var imiş. O gəlib ürəyin klapanını tutub. Ölüm səbəbi də budur. Səhəri biz əmimi İkinci Fəxri Xiyabanda dəfn etdik.

Birinci Fəxri Xiyabanda dəfn etmək üçün birinci katibin icazəsi lazım idi. Dediyim kimi rəsmilərin başı Brejnevin gəlişinə qarışmışdı, icazə almaq üçün gözləmək lazım idi. Mən vaxtı uzatmaq istəmədim. Vida mərasimi Aktyor evində oldu. Cənazəsini Musiqili Komediya Teatrına qədər çiynimizdə apardıq. Yəni onu gizlincə və ya gecə dəfn etməmişik.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Adil-İsgəndərov  





Xəbər lenti