Gəncədə biometrik pasportların verilməsinə başlanılıb
Baş pasport qeydiyyat və miqrasiya idarəsinin Gəncə regional mərkəzi üçün 2 min kvm torpaq sahəsi ayrılıb. Bunun 850 kvm-də inzibati bina tikilib. Bu mərkəz respublikamızın qərb bölgəsində yerləşən 11 rayonun 1 milyondan çox vətəndaşına xidmət göstərəcək. Yeni sahə olan biometrik vətəndaş pasportlarının istehsalı sahəsində xidmət aparacaq əməkdaşlar Kanada, Almaniya, İsveçrə, Estoniya, Xorvatiya və digər xarici ölkələrdə seminar və treninqlərdə iştirak ediblər. Mərkəzdə şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrdən geniş istifadə olunub. Elektron tablolar və istiqamətləndirici lövhələr quraşdırılıb. Qəbul zalında eyni vaxtda 24 vətəndaşın sənədlərinin qəbul edilməsi təmin olunub. Ümumilikdə bu mərkəz gün ərzində 300-dən çox vətəndaşa xidmət göstərəcək. Fotoşəklin çəkilməsi üçün biometrik fotokabinalar, əl-barmaq izlərinin alınması üçün müasir daktiloskopik avadanlıq, məlumatların dərhal bazaya işlənməsi, sənədlərin xüsusi yoxlanması üçün müvafiq proqram təminatı ilə təchiz edilən kompüterlər, növbəliliyi tənzimləyən elektron köşklər və tətbiq olunan digər texnologiyalar burada xidmətin səviyyəsini daha da artırmağa imkan verəcək. Bütün bunlar haqqında Baş pasport qeydiyyat və miqrasiya idarəsinin rəisi polis generalı Ərzuman Əliyevə ətraflı məlumat verildi. Biometrik ümumvətəndaş pasportu almaq üçün müraciət edənlərin bir qrupuna sənədləri təqdim olundu.
Yeni normativ hüquqi aktlara görə, vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq yeni nəsil biometrik ümümvətəndaş pasportlarını 1, 5 və ya 10 iş günü ərzində ala biləcəklər.
AzVision.az