`Bir şəhər də qalmayacaq ki, orada 24 saat ərzində içməli su olmasın`

`Bir şəhər də qalmayacaq ki, orada 24 saat ərzində içməli su olmasın`
  05 Sentyabr 2013    Oxunub:1108
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Prezident Mərkəzdə yaradılmış şəraitlə tanış olduqdan sonra razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Daha sonra İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: "Sabahınız xeyir olsun!
Sizi ürəkdən salamlayıram və bu gün burada açılacaq böyük layihənin icra edilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu, böyük tarixi layihədir. Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu, böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bundan sonra kəndlərə də su xətləri çəkiləcəkdir və beləliklə, uzun illər qalmış bu problemi biz birdəfəlik həll edirik. Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada 24 saat ərzində içməli su olmasın. Eyni zamanda, bununla paralel olaraq bir çox kəndlərdə də içməli su layihələri təmin ediləcəkdir, o cümlədən Biləsuvarda. Beləliklə, biz bu insanları həmişə narahat edən ən əsas problemi həll edəcəyik.Hər bir şəhərdə, o cümlədən Biləsuvarda içməli su layihələri 2035-ci ilə qədər əhalinin təbii artımını nəzərə almaqla hesablanır. Bildiyimə görə, artıq suyun verilməsi başlamışdır və yaxın zamanlarda bütün şəhəri əhatə edəcəkdir.

Kənd yolları problemi Biləsuvarda tam şəkildə həll ediləcəkdir. Qazlaşdırma dediyim kimi, 90 faizdir, 100 faizə çatacaqdır. İçməli su şəhəri tam əhatə edəcəkdir, kəndlərə də çəkiləcəkdir. Budur bizim bugünkü reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük. Əlbəttə ki, bütün bu layihələrin içərisində insanların sağlamlığına xidmət edən layihə xüsusi yer tutur. Bax, bu layihə onların arasında bəlkə də ən önəmlisidir.
Bilirəm ki, Biləsuvarda rayon mərkəzi xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir. Biz xəstəxananın təmirini də təşkil edəcəyik. Azərbaycanda bir dənə də gözəl xəstəxanası olmayan şəhər olmamalıdır. İndi ətraf bölgələrdə də, rayonlarda da xəstəxanalar tikilib və təmir edilib. Biləsuvarda da bu iş görüləcəkdir.
Əlavə hər hansı bir təklifiniz, xahişiniz olarsa, siz mənə, əlbəttə ki, yerli icra orqanlarına çatdırın ki, biz növbəti investisiya proqramlarımızda bütün bunları nəzərə alaq. Çünki bizim vəzifəmiz insanlara xidmət etməkdir. Bu gün güclənən Azərbaycan bir daha demək istəyirəm ki, bütün görülən işlərin məntiqi nəticəsidir. Bir daha sizi salamlayıram və gözəl hadisə münasibətilə təbrik edirəm".

Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Daha sonra dövlət başçısı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı tibb ocağının rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti