Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik
Bununla bağlı AŞPA-nın sabah keçiriləcək plenar iclasında xüsusi hesabatın müzakirə ediləcəyi gözlənilir.
Bugünkü plenar iclasda çıxış edən bəzi deputatlar Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılaraq, Assambleyanın yeni prezidentinin seçilməsinə və Assambleyada yaranmış böhranın tezliklə həllinə çağırışlar ediblər. AŞPA Bürosunun bu gün keçirilmiş iclasında eyni zamanda qurumun oktyabr sessiyasında yeni prezidentin seçilməsi məsələsi də qaldırılıb.
Bununla yanaşı, AŞPA-dakı Avropa Xalq Partiyası qrupunun bir qrup üzvü Assambleyanın sözügedən məsələyə dair daxili nizamnaməsinin dəyişdirilməsinə tərəfdar olsa da, bunun hazırkı deyil, gələcək prezidentlərə şamil olunmasını istəyib.
AŞPA-nın prezidenti Pedro Aqramunt isə bu səhər Büronun iclasında iştirak etsə də, bugünkü plenar iclasa qatılmayıb.
O, Büronun iclasından çıxandan sonra jurnalistlərə də hər hansı açıqlama verməyib.
Plenar iclasa vitse-prezidentlər sədrlik edir.
Qeyd edək ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramunta etimadsızlıq məsələsini qaldırıblar.
P. Aqramuntun AŞPA-nın ötən sessiyasında istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməyib.
P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti ilə bağlı qeyri-müəyyənlik davam edir.
AzVision.az