Münhendə Ermənistana etiraz edildi - FOTO

Münhendə Ermənistana etiraz edildi - FOTO
  08 İyul 2017    Oxunub:1635
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində növbəti təxribatına etiraz olaraq, Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, aksiyadan öncə azərbaycanlı və türk icmasının nümayəndələri Münhenin mərkəzi məscidində 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad edilib.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Bavariya Türk Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında Ermənistanın işğalçılıq və soyqırım siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi qətiyyətlə psilənilib.

Aksiyada çıxış edən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar. Qeyd edək ki, aksiya Almaniyada nəşr olunan türkdilli qəzetlər tərəfindən də geniş işıqlandırılıb.



Aksiyanın sonunda Münhen şəhərinin azərbaycanlı və türk icması adından beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qəti tədbirlər görülməsi tələb edlib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağı ilə bağlı narahatlıq ifadə olunub.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

AzVision.az


Teqlər: Almaniya   Münhen   Alxanlı   Etiraz  





Xəbər lenti