Kristian Vigenin Bakı və İrəvana səfər edəcək

Kristian Vigenin Bakı və İrəvana səfər edəcək
  11 İyul 2017    Oxunub:1143
“ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin sentyabrda bölgəyə səfəri gözlənilir. Qarşıdakı müddətdə bu səfərin reallaşması üçün uyğun tarix seçiləcək”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.

MM-in sədr müavini bildirib ki, onlar bölgəyə səfəri zamanı regionun hər üç ölkəsinə səfər edəcək. Vitse-spiker qeyd edib ki, ATƏT PA-nın Minskdə keçirilən iclası zamanı Vigenin bölgənin hər üç ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüb:

“İnsidentlə, eləcə də onun sentyabrda bölgəyə gözlənilən səfəri, bu səfərin proqramı, proqrama daxil ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sonra üç ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. İşçi qaydasında keçirilən görüşdə hər bir tərəf bu səfərlə bağlı öz mövqeyini bildirib”.

B.Muradova əlavə edib ki, görüşdə bütün tərəflər bu səfərin vacib olduğunu və belə səfərlərin tez-tez həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bahar-Muradova   Kristian-Vigenin  





Xəbər lenti