700 bal toplayan 17 yaşlı qız: "5-ci sinfə kimi kənddə oxumuşam..." (FOTO)

700 bal toplayan 17 yaşlı qız: "5-ci sinfə kimi kənddə oxumuşam..." (FOTO)
  17 İyul 2017    Oxunub:142614
Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.
İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

AzVision.az-ın məlumatına görə, rekorda imza atan abituriyenlər Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

İmtahanda yüksək nəticəyə göstərən 17 yaşlı İlhamə Hüseynova təəssüratlarını AzVision.az-la bölüşüb. O, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil almaq, hüquqşünas olmaq istədiyini deyib.

“700 bal toplayacağıma inanırdım. Bundan əvvəlki imtahanda 685 bal yığmışdım. Bu, məni qane etmirdi. İkinci imtahanda özümə söz verdim ki, 700 bal toplayacağam. Allaha şükürlər olsun ki, bunu bacardım. Müəllimlərim məndən bu nəticəni gözləyirdilər. Onlar da çox sevinirlər.

İki il repetitor yanında hazırlaşmışam. 5-ci sinifə kimi Goranboyda Seymur Məmmədov adına Zeyvə kənd orta məktəbində oxumuşam. Sonradan Bakıya köçmüşük. Artıq qərarımı vermişəm, sənədlərimi BDU-nun hüquq fakültəsinə verəcəyəm. Qismət olsa, magistraturanı xaricdə oxumaq istərdim”.

İ.Hüseynova orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə qızıl medala layiq görülüb.



Aytən Zəhra
AzVision.az


Teqlər: İmtahan   700-bal  





Xəbər lenti