Lalə Şövkət: `Bunlar şəxsiyyət və siyasətçi kimi Heydər Əliyevə çata bilməzlər`

Lalə Şövkət: `Bunlar şəxsiyyət və siyasətçi kimi Heydər Əliyevə çata bilməzlər`
  07 Sentyabr 2013    Oxunub:7381
Bir sıra KİV Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şuranı tərk etməsi haqqında məlumat yayıb.

Biz yeni siyasi qalmaqal ətrafında yaranan vəziyyəti aydınlaşdırmaq üçün Lalə Şövkətin müavinlərinə üz tutduq və onlar öz növbəsində sabiq dövlət katibinin mövqeyini əks etdirən müraciətini redaksiyamıza təqdim etdilər.


Lalə Şövkət öncə onu qeyd etdi ki, təmsil olunmadığı təşkilatı tərk edə bilməzdi: "Milli Şuranın yaradılması haqda danışıqlar Eldar Namazov, AXCP və Müsavat arasında 4 ay müddətində bağlı qapılar arxasında gedirdi. Yeni layihənin mahiyyəti barədə heç kimin təsəvvürü yox idi. Mən bu koalisiyanın formalaşdırılmasına ancaq Rüstəm İbrahimbəyovun zəngindən sonra qoşuldum. O, situasiya haqda mənə məlumat verdi və yeni müxalifət koalisiyasına daxil olmağımı xahiş etdi. Biz İbrahimbəyovla hələ Moskvadan yaxşı tanış idik və mən onun təklifini qəbul etdim”.

Liberal partiyanın liderinin sözlərinə görə, o hələ o zaman İbrahimbəyova deyib ki, Milli Şurada onun üçün qəbuledilməz insanlar təmsil olunub və onlarla bir masa arxasında oturmağı özünə rəva bilmir: “Belə razılaşma oldu ki, mən bu təşkilatın tədbirlərində ancaq Rüstəm İbrahimbəyov Azərbaycana qayıdışından sonra iştirak edəcəyəm. Bundan sonra Eldar Namazov ilk dəfə mənə yalnız iyun ayında zəng etdi. Sonra isə R.İbrahimbəyov Rusiya vətəndaşlığı məsələsini həll edə bilməyəndən sonra E.Namazov, Sülhəddin Əkbər və Mirmahmud Mirəlioğlu mənimlə görüşə gəldilər. Biz bu situasiyanı ətraflı müzakirə etdik və mən onlara bildirdim ki, bu layihə nə strateji, nə taktiki baxımdan düzgün düşünülməyib”.

Lalə Şövkət daha sonra deyib ki, Milli Şurada olan bəzi insanlar R.İbrahimbəyova dezinformasiya çatdıraraq onu çox pis vəziyyətdə qoydular: “O, Milli Şuranın sədri seçilən gündən dərhal sonra ona qarşı çox güclü hücumlar vüsət aldı. Eyni zamanda “Yeni Müsavat” qəzeti Milli Şuraya və İbrahimbəyova qarşı fəal kampaniya apardı. Bu kampaniyanın təşkilatçıları belə bir ictimai rəy yaratmaq istəyirdilər ki, guya Milli Şura Rusiyanin projesidir. Sual olunur: əgər Milli Şura Rusiya layihəsi idisə bəs niyə görə 4 ay aparıcı qərbyönümlü partiyalar bu layihəni işləyib və onun içində çox fəal iştirak edirdilər?

İndi isə bu qüvvələr bəyan edirlər ki, müxalifət iki hissədən ibarətdir. Bu vəziyyətdə elçibəyçilər revanş götürməlidirlər. Buyurun, revanş götürün. Bəs onların məhz Elçibəyin şinelindən çıxan partiyalardan ibarət olan İctimai palatası var idi. Onda Milli Şuraya niyə qatıldılar? Nə işləri var idi orada? Bu gün, demək olar ki, bunlar Milli Şuranı yenə də İctimai Palataya çevirmək istəyirlər. Bu nə evcik oyunudur? Bunun nə mənası var idi? Burada nə məntiq, nə ağıl var".

Lalə Şövkət onu da əlavə edib ki, R.İbrahimbəyov pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra, onu dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar dərhal ona qarşı təhqirə keçdilər və qəzetlərində ona qarşı təbliğata başladılar: “Belə də mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər.

Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirilərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb.

O da bir tarixdir ki, 1998-ci ildə ANS telekanalına verdiyi müsahibəsində mərhum Elçibəy açıq bəyan etmişdi ki, "müxalifət qəzetləri iki siyasətçini vururlar – məni və Lalə Şövkəti". Bu gün İbrahimbəyova qarşı çirkin kampaniya aparanlar 1998-ci ildə eynilə çirkin kampaniyanı Elçibəyə qarşı aparırdılar. Tarix və insanlar bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmən bu adamlar özünü "elçibəyçilər" adlandırırlar? Niyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı?. Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir elçibəyçi?"(virtualaz.org)


Teqlər:  





Xəbər lenti