Prezidentliyə namizəd İlham Əliyevin xeyrinə geri çəkildi

Prezidentliyə namizəd  İlham Əliyevin xeyrinə geri çəkildi
  07 Sentyabr 2013    Oxunub:1116
AMEA-nın Fizika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov prezidentliyinə namizədliyini geri götürüb. Bu barədə Modern.az saytına Qüdrət İsaqovun özü məlumat verib.
Qüdrət İsaqov bununla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

O, müraciətində bildirib: “Hörmətli cənab prezident! Prezident seçkisinin birinci mərhələsində prezidentliyə namizədlərin irəli sürülməsi və imza toplanması prosesi azad və demokratik şəkildə başa çatmaq üzrədi.

Prezidentliyə namizəd İlham Əliyevin qələbə çalacağını bilsəm də, seçki prosesində daha yaxından iştirak etmək, seçki kampaniyası dövründə Azərbaycanımız üçün taleyüklü sahələr olan elmimizə və iqtisadiyyatımıza aid proqramlarla təbliğat və təşviqat aparmaq, seçki prosesinin demokratiklik dərəcəsinin daha da yüksəldilməsini istədiyimdən namizədliyimi irəli sürmüşdüm.

İmzatoplama prosesində mən və komandam bir daha əmin olduq ki, Azərbaycan xalqının büyük əksəriyyəti prezidentin dəyişməsini istəmir. Xalqımız prezidentin dəyişməsinin Azərbaycanda sabitliyi poza biləcəyindən ehtiyat edir. Xalqımızın İlham Əliyevə böyük məhəbbəti var. Seçicilərimiz İlham Əliyevi yenə də prezident kürsüsündə görmək istəyirlər”.

Q.İsaqov müraciətində qeyd edib ki, prezidentliyə namizədliyini irəli sürən zaman qarşısına qoyduğu məqsədlərin və göstərdiyi fəaliyyətin məntiqi davamı olaraq öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürür.

“Namizədliyimi geri götürməklə yanaşı, seçki prosesində, seçkinin müşahidəsində və seçkinin nəticələrinin qiymətləndirilməsi prosesində daha aktiv iştirak etməklə Sizin rəsmi vəkiliniz və bu mümkün olmadığı təqdirdə Sizin aktiv təbliğatçınız olmaq istəyirəm.

Xahiş edirəm mənə Sizin vəkiliniz və ya aktiv təbliğatçınız olmaq üçün maksimum imkanlar yaradılması üçün lazımi göstəriş verəsiniz!”- deyə, Q.İsaqov prezidentə ünvanladığı müraciətində vurğulayıb.


Teqlər:  





Xəbər lenti