Lapşin İsrailə ekstradisiya olunmaq üçün müraciət etdi – RƏSMİ

  26 İyul 2017    Oxunub : 1188
Lapşin İsrailə ekstradisiya olunmaq üçün müraciət etdi – RƏSMİ

Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilən bloqer Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət edib.

AzVision.az xəbər verir ki, bunu Lapşinin vəkili Eduard Çernin TASS-a bildirib.

“Bu gün müvəkkilimlə görüşdüm. O, İsrailə ekstradisiya olunmaq barədə ərizə verdi”, - deyə vəkil vurğulayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Lapşin   İsrail