236 məktəbdə məktəbəhazırlıq qrupları olacaq
2017-2018- ci tədris ilindən məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların ümumi sayı daha 10 faiz artırılaraq 65 faizə çatdırılacaq. Paytaxtın mərkəzi ərazilərində uşaqların məktəbəhazırlığa cəlb olunma səviyyəsinin daha yüksək olduğunu nəzərə alaraq BŞTİ müvafiq
artımın Bakı şəhərinin ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələri hesabına həyata keçirilməsini nəzərdə tutur. Çünki aparılan araşdırmalar Bakının mərkəzi hissələrində yerləşən məktəblərə nisbətən ətraf qəsəbələrin ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarındakı uşaqların sayının az olduğunu göstərir. Həmin məktəblərdəki məktəbəhazırlıq qruplarında uşaqların sayını artırmaqla onların I sinfə daha hazırlıqlı getməsi təmin olunacaq. Bununla da, müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsinə zəmin yaranacaq.
Ölkə üzrə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılacaq. Bu proses sentyabrın 18-dək elektron sistemdə ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək.
Aytən Zəhra
AzVision.az