İmtahan nəticələri açıqlandı

  28 İyul 2017    Oxunub : 1227
İmtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 832 abituriyentdən 98 nəfəri imtahanda iştirak etməmişdir. 2 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

Qeyd edək ki, iyulun 22-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan zamanı Bakının Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçılarının imtahan binasından təxliyə olunması, habelə Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin yenidən imtahan verməsi barədə qərar qəbul olunub.

Aytən Zəhra
AzVision.az

Teqlər: Dİm   imtahan