Aytənin sirri
Demək, müxtəlif hazırlıq kurslarına, “repetitor”lara böyük pullar xərcləmədən, valideynini xərcə-borca, zillətə salmadan, məktəb direktoruna verilən rüşvətin müqabilində adını jurnala yazdırıb, əslində dərsə getməyərək, guya imtahana hazırlaşmadan da yüksək bal toplamaq mümkündür!
Bu qız dahidirmi?
Xeyr! Lap sadə bir kənd qızıdır.
Qeyri-adi beyni, yüksək İQ göstəricisi varmı?
Xeyr! Yaşıdları kimi adi yeniyetmədir.
Gecə-gündüz dayanmadan, yemədən-içmədən dərs oxuyubmu?
Xeyr! Gündə ən yaxşı halda bir neçə saat imkanı olub dərs çalışmağa.
Yaxşı, bəs necə olub ki, bütün bunlara baxmayaraq, böyük xərc tökən, müəllim yanına gedən, işi-gücü ancaq “dərs oxumaq” olan abituriyentlərdən daha yaxşı nəticə göstərib? Bu möcüzənin sirri nədədir?
Bu sirr indi sizə aydın olacaq, amma icazənizlə, daha bir neçə sual verim:
O qızın bahalı telefonu varmı, son model iPhone işlədirmi?
Xeyr! Çünki kasıbdırlar, ailə olaraq çətinliklə dolanırlar.
Dərsdə və ya dərsdən sonra Whatsapp-da dostlarına gic-gic şəkillər, şit-şit zarafatlar atırdımı?
Xeyir.
Valideynlərinə güvənirmi?
Yox! Atası xəstədir, təqaüd alır, anası isə əkin sahələrində fəhlə işləyir. Güvəniləcək heç kimi yoxdur.
Məktəbdə öz geyimi, aksessurları ilə öyünübmü?
Əsla.
Dərsdə və dərsdən sonra yoldaşları ilə mənasız bəhslərə giribmi?
İnandırıcı deyil.
Bir tərəfdə əlində qohum-tanışdan aldığı dəftər-kitabı tutan kasıb Aytən var, o biri tərəfdə isə bahalı telefonları, geyimləri, aksessuarları, arxalarında dayanan valideynləri, repetitorları, getdikləri hazırlıq kurslarının proqramları, sairlər və ilaxırlar olan, naz-nemət içində böyüdülən uşaqlar. Amma Aytən onlara qalib gəlir!
Beləliklə, nədir Aytənin sirri?
Odur ki, Aytən sadəcə, şagird olub. Sözün əsl mənasında, böyük hərflə yazılan Şagird! Onun arzusu telefon, geyim, gəzmək, əylənmək deyil, oxumaq olub. Beyni ancaq bu istiqamətdə çalışıb: oxumaq! Ona görə, yaxşı müəllimləri, dərslikləri, hazırlıq proqramı olmasa da, oxumağa böyük vaxt ayıra bilməsə də, həmyaşıdlarından daha yaxşı nəticə göstərib. O, oxuyarkən yüz cürə başqa iş görməyib, əksinə, başqa işlər görərkən oxuyub. Oxumaq onun üçün məqsədin özü olub, nəyinsə vasitəsi yox. O, “oxumaq” adı altında həqiqətən oxuyub.
Aytənin uğurunun sirri də, onu bütün ölkəyə sevdirən səbəb də budur. Məncə Aytənin hekayəsi bütün məktəblələrə dərs olmalıdır. Onlar bilmərrə anlamalıdırlar ki, əla nəticələr göstərmək üçün bahalı repetitorlara, kurslara-filana ehtiyac yoxdur. Bunun üçün ancaq bircə şey lazımdır: Həqiqətən şagird olmaq. Əsl şagird.
Aytən kimi!
Vüsal Məmmədov
AzVision.az
Teqlər: #Aytən-Şirinova #Şagird #Məktəb #İmtahan