Əhməd Oruc müsavatçıları `topa ` tutdu

  09 Sentyabr 2013    Oxunub : 348
Əhməd Oruc müsavatçıları `topa ` tutdu
Azadlıq Partiyasının sədri Əhməd Oruc son zamanlar Müsavat və ALP arasında gedən söz davasında onun adını liberallar tərəfində hallandırılmasına münasibət bildirib. Ə.Oruc facebook profilində məsələ ilə bağlı fikirlərini paylaşıb.

`İmza toplanışı prosesində iştirak edən bütün əqidədaşlarıma, dostlarıma, yaxınlarıma təşəkkürümü bildirirəm. Biz bərabər olmayan şərtlər daxilində, çox çətinliklə bu prosesi başa vurduq. Bu ağır proses indiyə qədər ətrafımda nə qədər yalançı, ikiüzlülərin olduğunu, millətin nə qədər səksəkə içində yaşadığını, vaxtilə öyündüyümüz bir sıra dəyərlərin artıq bu millətə aid olmadığı kimi acı bir həqiqəti ortaya qoydu.

Başım imzatoplama prosesinə qarışıq olduğundan bir sıra məsələlərə münasibət bildirməmişəm. Məşvərət Məclisini heç bir normaya sığmayan şəkildə tərk eləyib Rusiyanın "Milli Şura" proyektinə qoşulan KXCP, ACP, ALP, AMİP yazıq bir duruma düşüblər. Hesab edirəm ki, onların bu duruma düşməsi mənə qarşı elədikləri xəyanətin nəticəsidir və onlar bundan sonra daha çətin vəziyyətdə düşəcəklər və buna layiqdirlər.

Milli Şura ideyası indiyə qədər özlərini milli qüvvə kimi təqdim edənlərin nə qədər bədbəxt duruma düşdüyünü, istənilən maliyyə verənə kölə ola biləcək duruma düşdüyünü ortaya qoydu. Rüstəm İbrahimbəyov ölkəyə gəlməyə qorxduqdan, milyarderlər qara qəpik də vermədikdən və vəziyyətdən çıxmaq üçün "pis işi" Cəmil Həsənlinin boynuna qoyduqdan sonra bəziləri "Biz Rusiyanın proyektini milli proyektə çevirdik" kimi bəyanatlar verir. Buna el arasında "Pişiyin əli ətə çatmadıqda adını iylənmiş qoyar" deyirlər. Amma həqiqət odur ki, o pişiklər əllərinə düşsə iylənmiş ət də yeyirlər, hələ başqa şey də.

Bundan başqa, bəzi mətbuat nümayəndələri mənim fikirlərimi kontekstdən çıxararaq məni Müsavat Partiyası ilə Liberal Partiyası arasındakı uçuz söyüşmə şousunda liberalların tərəfdarı kimi təqdim ediblər. Hamı bilir ki, mənim Liberal Partiyası ilə heç bir münasibətim yoxdu və xanımlar haqqında danışmıram . Amma sədri olduğum Azadlıq Partiyası uzun müddət Musavat Partiyası ilə müttəfiq olub, 2003-də İsa Qəmbəri dəstəkləyib. Həmin il İsa bəyə görə yalnız Şabranda 23 üzvümüz həbs olunmuşdu, müavinim Kamran Məhərrəmlinin qardaşlarına olmazın işgəncələr verilmişdi. Bu günsə müsavatçılar hər yerdə əleyhimə təbliğat aparır, İsa bəy 5-10 manat pul vəd edən istənilən buqələmunu dəstəkləyir, onu müxalifətin "vahid namizədi" kimi təqdim edir, bizim partiyaya azsaylı deyə rişxənd edirlər.

Bu adamların lüğətində vəfa, sədaqət, mənəvi borc kimi sözlər artıq yoxdur.

Mən adamları heç vaxt aldatmamışam. Öz övladımı xaricdə oxudub, xalqın övladlarının aldadılaraq institutdan qovulması, həyatlarının məhv edilməsi, ailələrinin dağılması ilə nəticələnən işlərə təhrik edənlərdən olmamışam.

Mən bu gün də Müsavat Partiyasına hörmət edirəm, tarixdəki fəaliyyətinə və adına görə. Bu gün o partiyada haqqı, haqlını müdafiə edəcək bir nəfər belə yoxdu. Onlar liderlərinin manqurtlaşdırdığı kölgələrdən və kölələrdən başqa bir şey deyillər.

Dostlarımdan biri həmişə məni taktika işlətməməkdə, hamıya birdən hücum etməkdə günahlandırır və onların hamısının mənə qarşı birləşməsindən narahatlığını bildirir. Mənimsə heç bir narahatlığım yox! Yüz ... neyləyər bir ac aslana!”

AzVision.az

Teqlər: