Əbülfəs Qarayev: `Biz bu əməkdaşlıqdan məmnunuq`

Əbülfəs Qarayev: `Biz bu əməkdaşlıqdan məmnunuq`
  09 Sentyabr 2013    Oxunub:1455
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Yəhudi İttifaqının sədri Tomer Orninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə "Jews news" telekanalının sahibi Oleq Rabinoviç, kanalın yayım üzrə direktoru Piter Dikenson da iştirak edib.

Qonaqları salamlayan nazir ölkəmizin beynəlxalq yəhudi təşkilatları ilə işgüzar münasibətlər qurduğunu, Mədəniyyət və Turizm Nazirliyinin də bu münasibətlərə mühüm önəm verdiyini bildirib.

Respublikamızda yaşayan yəhudi icmasından söz açan nazir diqqətə çatdırıb ki, icma Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvü kimi tolerantlıq və sülh şəraitində yaşayır, ölkənin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak edir, müxtəlif mədəniyyət tədbirlərinə, festivallara qatılır.

Qəbələ Beynəlxalq Musiqi Festivalında yəhudi əsilli həmvətənlərimizin və İsraildən olan musiqiçilərin yaxından iştirak etdiyini deyən nazir bu əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

Qeyd olunub ki, musiqi sahəsində ölkəmizin İsraillə geniş əlaqələri var.

Hələ ötən əsrin 20-ci illərində Azərbaycan Dövlət Konservatoriyası yaradılarkən bu təhsil ocağına dəvət olunan müəllim heyətinin əksəriyyəti yəhudi əsilli musiqiçilər olub.

Onlar Azərbaycan musiqisinə, musiqi mədəniyyətinə böyük töhfələr veriblər. Bu gün də ənənəvi əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan musiqisinin də İsraildə sevilərək dinlənildiyini vurğulayan nazir xalqlararası mədəni əlaqələr baxımından musiqi sahəsində əməkdaşlığı uğurlu nümunə kimi dəyərləndirib.

İki ölkə arasında digər sahələrdə də nümunəvi əməkdaşlığın olduğunu nəzərə çatdıran Ə.Qarayev artıq uzun müddətdir ki, Bakı - Təl-Əviv aviareysinin istifadəyə verildiyini xatırladıb və bu faktı ikitərəfli münasibətlər baxımdan yüksək qiymətləndirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Avropa Yəhudi İttifaqının sədri T.Orni Azərbaycana ilk dəfə gəldiyini, ölkəmizdəki dinamik inkişafı əyani şəkildə görməkdən məmnun olduğunu deyib.

Səfər çərçivəsində Qubaya, yəhudilərin yaşadığı Qırmızı Qəsəbəyə də baş çəkəcəklərini diqqətə çatdıran qonaq Azərbaycandakı yəhudi icmasının sosial-iqtisadi vəziyyətindən razı qaldıqlarını, burada bütün xalqların dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib.

Nazir Ə.Qarayev T.Ornini qış aylarında Azərbaycana bir daha səfərə gəlməyə, Şahdağ Qış-Yay Turizm Kompleksində xizək sürməyə, bu istirahət məkanı ilə yaxından tanış olmağa dəvət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti