700 bal toplayanlar hansı ali məktəblərə qəbul olublar?

  14 Avqust 2017    Oxunub : 8484
700 bal toplayanlar hansı ali məktəblərə qəbul olublar?

Xəbər verdiyimiz kimi, 2017/2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak hüququ qazanan 42804 abituriyentdən 36381 nəfəri qəbul olunub.

Tələbə adı qazananlar arasında qəbul imtahanlarında makimum nəticə göstərən 15 abituriyent də var.

AzVision.az 700 bal toplayan abituriyentlərin hansı universitetlərə qəbul olduqlarını dəqiqləşdirib.

I qrup üzrə maksimum nəticə göstərən Vahab Cəbrayılov, Xalidə Əliyeva, Mahirə Əsədzadə, Elmir Əhmədov və Abdulla Əsgərzadə Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması fakültəsinə qəbul olublar.

Qabil Əliyev və Jalə Məmmədova isə BANM-ın kimya mühəndisliyi fakültəsində oxuyacaq.

II qrup üzrə 700 bal toplayan Arzu Məmmədzadə və Cavad Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin Maliyyə ixtisasında tədrislərini davam etdirəcək.

III qrup üzrə Səbinə İsmayılova və İlhamə Hüseynova Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alacaq. Eyni qrupda maksimum nəticə göstərən Pərvin Əhmədova isə ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinə daxil olub.

IV qrupda yüksək nəticə göstərən Eldar Əfəndiyev, Nemət Yusifov və Ziya Müslümov Tibb Universitetinin Müalicə işi fakültəsində tələbə yoldaşı olacaqlar.

Aytən Zəhra
AzVision.az

Teqlər: 700-bal   Universitet