Bakı Şəhər Təhsil İdarəsi: “Direktorlar sui-istifadə edirlər”

Bakı Şəhər Təhsil İdarəsi: “Direktorlar sui-istifadə edirlər”
  10 Sentyabr 2013    Oxunub:1403
“Məktəblərdə şagirdlərin yersiz yerdəyişmələrin qarşısı alınıb”.
AzVision.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov təhsil işçilərinin sentyabr (2013 - cü il) konfransında “2012/2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən dərs ili ərzində Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq icbari ümumi orta təhsilin həyata keçirilməsi, yeni texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, məktəblərə dair müxtəlif statistik hesabatların qəbulu və ümumiləşdirilməsinə xüsusi fikir verilib. İcbari orta təhsil pilləsini başa vurub, X sinifdə oxuyan şagirdlərin hərəkətləri izlənilmiş və tənzimlənib. Yersiz yerdəyişmələrin qarşısı alınıb.

M.Bayramov bildirib ki, 2012-2013-cü dərs ilində gündüz ümumtəhsil məktəblərində I - IV siniflər üzrə 5513 sinifdə 130137 nəfər şagird, V - IX siniflər üzrə 6235 sinifdə 141570 nəfər şagird və ümumilikdə I - XI siniflər üzrə 13637 sinifdə 314563 nəfər şagird komplektləşdirilib. Siniflər üzrə şagirdlərin sıxlığı 2010/2011-ci dərs ilində 22,1 olmuşdursa, 2012/2013-cü dərs ilində 23,1 olub.

Məktəblərdə şagirdlərin siyahısının yoxlanıldığını bildirən M.Bayramov: “məktəb şəbəkəsinin tərtibində əvvəlki illərdə yol verilən ciddi nöqsanların qarşısını vaxtında almaq üçün bütün məktəblərdə şagird siyahısı yoxlanılıb, Təhsilin İdarə olunmasının Məlumat sistemləri sektorunun köməyi ilə eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi halları aradan qaldırılıb. Ayrı-ayrı məktəblərdə paralel siniflərin açılması məqsədilə şagird sayının süni surətdə şişirdilməsinin, yarımqruplara bölmək üçün paralel siniflərdə şagirdlərin saxta yolla bir sinifdən digərinə keçirilməsinin qarşısı alınıb. 2012/2013-cü tədris ilində şagirdlərin, xüsusən də IX-XI sinif şagirdlərinin dərsə davamiyyətinə xüsusi fikir verilib, bununla bağlı dəfələrlə məktəblərdə reydlər keçirilib, Təhsil Şurasının iclaslarında bu məsələ müzakirə olunub. Lakin bu sahədə yenə də çatışmazlıqlar var. Əsas səbəb isə dərs proqramının və ali məktəblərə qəbul şərtlərinin ağırlığıdır. Bu zaman şagirdlər seçim qarşısında qalır: ya məktəb ya da repetitor. Təbii ki, onlar repetitor hazırlığına üstünlük verir. Bu isə onların dərsə davamiyyətinə mənfi təsir göstərir. Bəzi hallarda isə məktəb direktorları bundan sui istifadə edir”.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti