Müxalifətçilər bir- birinə `xəyanətkar` dedilər

Müxalifətçilər bir- birinə `xəyanətkar` dedilər
  10 Sentyabr 2013    Oxunub:1339
Azadlıq Partiyasının sədri Əhməd Orucun facebook profilində bəzi müxalifətçiləri xəyanətkarlıqda ittiham edən yazı paylaşması maraqlı müzakirəyə səbəb olub.
Belə ki, Müsavat Partiyasına yaxınlığı ilə seçilən Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də öz növbəsində Əhməd Orucu cavabsız qoymayıb.

Ə.Orucun Müsavat partiyası haqqında :"Bu gün o partiyada haqqı, haqlını müdafiə edəcək bir nəfər belə yoxdu. Onlar liderlərinin manqurtlaşdırdığı kölgələrdən və kölələrdən başqa bir şey deyillər"... mesajına V.Hacıbəyli `Mesaj məlumdu, məni qeydə alın, hədəfim də Müsavat olacaq. Hamıya birdən hücum etmirsən, iqtidara daha çox sərfəli olan istiqamətdə hücum edirsən.Ayıbdı axı...`deyib.

Əhməd Orucun isə öz növbəsində :` Vaqif bəy, biz bir-birimizi yaxşı tanıyırıq. Məni, 25 ildə bir dəfə də milli maraqdan kənar heç nəyə xidmət etməyən birini "hakimiyyətə mesaj verməkdə" suçlamaq əxlaqdan kənardır. Bu hakimiyyətlə alver edən, ötən seçkilərdə 5 mandat alan, Rusiyanın proyektinə belə razı olan sənin müdafiə etdiyin Musavat Partiyasıdı. Mən bilən sən hələ heç vəkillər kollegiyasının üzvü də deyilsən. Müsavatın öz vəkilləri var. İctimai Palata seçkilərində Musavat sənə nömrə gələndə də səni mən müdafiə etdim. Bilmək olarmı siz bu seçkilərdə neçə dəfə fikrinizi dəyişibsiz və indi kimi müdafiə edirsiniz. Mənim qeydiyyata alınmağımdan bu qədər niyə qorxursunuz, bəlkə 10 ildə bir dəfə də hakimiyyətin tənqidi ilə bağlı nəsə deyəsiniz, ölkəni mən yox, onlar idarə edir, bilmirəm bunu bilirsinizmi? Vaqif bəy, niyə Müsavat hər yoldan ötəni, hər juliki, hər imperya nökərini, hakimiyyət tərəfindən istifadə edilib atılanı "vahid namizəd" kimi dəstəkləyə bilər, amma bir nəfər də olsun bəlkə Əhməd Orucu dəstəkləyək, niyə onu müdafiə etməyək deyə sual edən olmadı? Axı biz illərlə İsa bəyi dəstəkləmişik, ömrümüzün illərini bu işə sərf eləmişik, o qaçıb dar məqamda səfirin sözü ilə mənzilində gizlənib. Mən meydanda olmuşam, meydandayam düz 26 ildir, heç vaxt qaçmamışam və inşallah sona qədər də bu yolda olacam. Hətta onların layiq olmadığını bilə-bilə, əksəriyyətin rəyinə hörmət edərək onu dəstəkləmişik. Sən özün də bilirsən sizin müdafiə etdiyiniz namizədlərin dərisini 30 saniyəyə boğazından çıxararam. Bu oyun, bu maskarad nəyə lazım, kimin cəsarəti var seçkidə iştirak etsin, yoxsa yerindən qalxmağa qorxursansa( batırdığın bilinər) bir gün Rüstəm müəllimi, bir gün Cəmil müəllimi aldadıb oyuna salmaq, nəsə mənfəət güdmək heç kimə başucalığı gətirmir. Musavatçılardan biri niyə sormadı bəs 10 il məsələsi, yeni başqan nə oldu, AXCP-Musavat birləşirdi nə oldu, digər partiyalar kənar ölkələrə xidmət edirdi, niyə onlarla bərabər bir masaya oturdu, niyə təzdən yenə yadına düşdü ki, bəs bunlar İmperiya nökəridi? Bəs kölə, manqurt belə olmur?`.

V.Hacıbəyli isə Əhməd Oruca : Sən hesab edirsən ki ,Müsavat Əhməd Orucu dəstəkləməlidi. Mən şəxsən belə hesab etmirəm. Buna görə məni təhqir edəcəksən, kölə adlandıracaqsan? Yenə deyirəm, ayıbdı axı... O ki, qaldı vahid namizədin dərisini 30 saniyəyə boğazından çıxarmağa, olmazmı sən gücünü məsələn, Zahid Oruca göstərəsən? Hədəfin yenə də dolayısı ilə Müsavatdı. Hədəfi dəyiş. Sənə səmimi şəkildə uğurlar arzulayıram. İstənilən adamı tənqid etmək olar. Amma julik, imperiya nökəri,kölə, manqurt və sair kimi ifadələr ölkənin prezidenti olmaq iddiasında olan adamın leksikonunda olmasa yaxşıdı. Nə musavatçılara, nə onların müdafiə etdiyi namizədlərə bu epitetlər yaraşmır. Ən başlıcası isə sənə bu tərzdə danışmaq heç də başucalığı gətirmir. Mən bunları açıq şəkildə burada yazıramsa, d eməli sən hansısa qırmızı xətti keçmisən. Bunu nəzərə al`-deyərək xəbərdarlıq edib.

`Vaqif bəy, mən yalan hədəflərə heç vaxt atəş açmamışam, Zahid Oruc kimdi, nəyi həll edir, o kimə mane olur, ya nəyə təsir edir? Və belə görürəm ki, ola bilər sonda Musavat Zahid Orucu dəstəkləyə bilər. Dəstəklədiklərinin Zahid Orucdan nəyi atrıq ya əksikdi? O indi də deputatdı, Cəmil müəllimi bu dəfə buraxmadılar! Bu gün Müsavat, eləcə də bütün Milli Şuradakılar içtimai rəyi yenidən aldatmaqla, Cəmil müəllimdən yalandan müxalifət namizədi düzəltməklə məşğuldu. Qırmızı xətt məsələsinə gəldikdə isə, Vaqif bəy sizin hansı rəngdə xətt çəkməyiniz mən durduğum yerdən ümumiyyətlə görünmür. Avtomobildəkilər üçün svetaforun qırmızı işığının mənası əlbəttə var, amma bu qırmızı svetafor işığı təyyarədəkilər üçün ən yaxşı halda yolka oyuncağı təəssüratı yarada bilər. Eşitdiyimə görə Putin Milli Şura liderlərini yolka bayramına çağıracaq. Çağırsalar, get, Moskvva, Qızıl Meydan, səhərə kimi tans, yolka payı və Şaxta Baba da Vahid namizəd. .... Vaqif bəy, mən həmişə hakimiyyətin bir sıra sahələr -kadr, məhkəmə, insan haqları, sosial müdafiə, gəlirlərin bölüşdürülməsi və s. ən kəsin tənqid etmişəm, amma mənim hakimiyyətdəkilərlə heç bir şəxsi problemim, düşmənçiliyim yoxdur. Bu gün mənə qarşıfəaliyyət göstərən sizlərsiz, yalandan müxalif namizəd düzəltməklə milləti çaşdırırsınız, bir gündə yüz fikir dəyişirsiniz, millətin inamı ilə oynayırsınız. Sən mənim necə yaşadığımı, nə qədər halal və ömrümdə heç kimə baş əymədən yaşadığımı yaxşı bilirsən. Bütün bunları bilə-bilə sən vicdanını unudub məni hakimiyyətə mesaj verməkdə suçlasan da bir olan allah şahiddir ki, mən ömrümdə heç bir dəfə də yalan danışmamışam. Sizin dostlarınız Rusiyanın əlində təhdid vasitəsi olanda, Azərbaycana qarşı bizim milli satqınlarla Rusiya birləşəndə mən hakimiyyəti müdafiə etmişəm və nə vaxtsa belə bir şərait yaransa eynən çıxış edərəm. Mən illərimi milli ideoloyi xəttin yaranmasına vermişəm. Və sən yaxşı bilirsən ən məşhur " qəhrəman tarixi şəxsiyyətlərin" milli xəttdən sapmaması üçün 1993-də, 94-də, 99-da mən topluma qarşı dayanıb, onların yönünü dəyişdirə bilmişəm. Mən haqqı unudan deyiləm, əksər məqamlarda sən məni dəstəkləmisən. Bu işlərdə sən bilirsən mən müxalifətin hansısa kənar ölkənin əlində oyuncağa, işverənə çevrilməsini ən aşağı hərəkət hesab edirəm və həmişə də belə olmuşam, 20 ildi xaricdən qrant alanlara heç vaxt hörmətim olmayıb. Və sən də bilirsən xaric təmannasız bir adama bir qəpik də vermir. Hər qəpiyin arxasında bir xəyanət gizlənir. Mən bilirəm siz mənim qeydiyyata alınmağımdan, əgər bu baş verərsə müxalif düşərgə də dəngələrin tamam dəyişəcəyindən, 20 illik fırıldaqçıların səhnəni tərk edə biəcəyindən narahatsınız. Belə həyacanlanmayın, bəlkə heç məni qeydiyyata almayacaqlar, sizin bu həyacanlarınız özünüzə də yersiz görünəcək`-deməklə Azadlıq Partiyasının sədri qarşı tərəfə cavab verib.

Qarşı tərəf isə: `Hə... çox maraqlıdı, deməli göylərdə uçursan,gözün ayağının altını görmür...Sənin üçün heç bir qırmızı xətt yoxdu? Əgər söyüş("julik"), təhqir("kölə") və təhdid ("dərisini boğazından çıxararam") yalnız Musavata qarşı yönəlibsə, özü də bu həqarətli münasibətin ağlabatan bir səbəbi yoxdusa, ("heç kəs Əhməd Orucu dəstəkləyək demir"ittihamı absurddur) sən sadəcə iqtidara mesaj verirsən. Mən sənin bu hərəkətinə başqa ad tapa bilmirəm.? Ayıbdı... Özünü ağayana apar. … Deyirsən hakimiyyəti tənqid etmişəm. Etmisən. Amma hakimiyyətdəkilərə julik demirsən, tənqid edəndə qırmızı xətti keçmirsən. Kimdi sənin qeydiyyata alınmağından qorxan, ay Əhməd. Nahaq yerə özünü aldatma. Bu seçkilər sənə ən yaxşı halda özünü tanıtdırmaq üçün bir şansdı. Mənim istədiyim odur ki, sən özünü yaxşı tərəfdən tanıt. Vəssalam. Mənim dostlarım heç vaxt Rusiyanın əlində təhdid vasitəsi olmayıb. Bu məsələlər gündəmə gələndə sənin mövqeyin heç nəyi həll eləmirdi. Amma mənim dostlarımın və xüsusilə də Musavatın mövqeyi Rusiya kartının vurulmasında həlledici oldu. Buna görə də onlara qarşı sənin yersiz ittihamların heç bir əndazəyə sığmır`- deməklə Əhməd Oruca cavab verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti