İlham Əliyev Yevlaxda nəqliyyatın inkişafından danışıb

İlham Əliyev Yevlaxda nəqliyyatın inkişafından danışıb
  11 Sentyabr 2013    Oxunub:1430
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak edib.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: "Yenidən Yevlaxda olmağımdan çox məmnunam. Mən son illər ərzində dəfələrlə Yevlax rayonunda olmuşam, müxtəlif tədbirlərdə, açılışlarda bərabər iştirak etmişik. Bu gün isə yeni aeroportun açılışını edirik. Çox gözəl hadisədir, böyük rəmzi məna daşıyır. Çünki Yevlax aeroportunun yenidən fəaliyyətə başlaması çox əlamətdar hadisədir, ölkəmizin inkişafını, gücünü göstərir. Onu göstərir ki, vaxtilə yaradılmış bütün vacib infrastruktur obyektləri bu gün yenidən qurulur, bərpa edilir və daha da müasir görkəm alır. Bildiyiniz kimi, Yevlax aeroportu sovet dövründə fəaliyyət göstərirdi. O vaxt uçuş-enmə zolağı o qədər böyük deyildi, ancaq kiçik təyyarələri qəbul edə bilərdi. Bu gün isə yeni zolaq tikilib. İstənilən təyyarə enə bilər - "Boeing", "Aerobus", digər təyyarələr. Bütün beynəlxalq standartlara cavab verən bir aeroportdur və Azərbaycanın nəqliyyat infrastrukturunun yenidən qurulmasında bu aeroportun çox böyük rolu olacaq".

İlham Əliyev bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna çox böyük sərmayələr qoyulub, investisiyalar cəlb edilib- həm xaricdən, həm daxildən. Bu investisiyalar daha çox dövlət büdcəsi hesabına qoyulur və beləliklə, Azərbaycan artıq dünya miqyasında bir nəqliyyat mərkəzinə çevrilib.

"Bizim çox əlverişli coğrafi mövqeyimiz var. Əgər nəqliyyat infrastrukturu olmasa, bu coğrafi yerləşmə böyük əhəmiyyət kəsb etməz. Məhz son illərdə bu sahəyə qoyulan investisiyalar Azərbaycanı artıq bir logistika-nəqliyyat mərkəzinə çevirmişdir. Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir, o cümlədən hava nəqliyyatı. Bu sahəyə xüsusi diqqət verilir və son illərdə Azərbaycanda tikilmiş aeroportlar, alınan yeni müasir təyyarələr və sərnişinlərə göstərilən xidmət bizim inkişafımızı əyani şəkildə göstərir".
Prezident xatırladıb ki, son 10 il ərzində Azərbaycanda bir neçə aeroport yenidən quruldu - Naxçıvan, Gəncə və Lənkəran. Bu aeroportlardan beynəlxalq uçuşlar başlamışdır. Eyni zamanda, 3 yeni aeroport tikilmişdir ki, heç vaxt olmamışdır - Zaqatala, Qəbələ və Heydər Əliyev Aeroportunun yeni aerovağzal kompleksi və yeni infrastrukturu. Bu gün açılışa hazırlanan Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən gözəl, ən müasir aeroportlardan biridir və yaxın zamanlarda fəaliyyətə başlayacaq:

"Yevlax aeroportunun da nəqliyyat sahəsində öz yeri var və şadam ki, bu layihə də qısa müddət ərzində icra edilmişdir. Bu, mənim bilavasitə göstərişimlə icra edilən layihədir. Əminəm ki, bu aeroportun fəaliyyəti Azərbaycan iqtisadiyyatına bir töhfə olacaqdır. Bütövlükdə nəqliyyatla bağlı bütün məsələlər uğurla icra edilir - yollar tikilir, o cümlədən kənd yolları. Yevlax rayonunda da kənd yolları tikilir, dəmir yolu yenidən qurulur. Bakıda ən böyük dəniz limanı tikilir. Xəzər dənizindən böyük dəniz limanı Bakıda olacaq. Gəmiqayırma zavodu tikilir, gəmilər alınır. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və beləliklə, bu gün nəqliyyat infrastrukturunun mövcudluğu bizə yeni imkanlar verir. Əlbəttə ki, biz Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətini səbirsizliklə gözləyirik. Bu layihə də Azərbaycan tərəfindən bir təşəbbüs kimi irəli sürülmüşdür. Bizim tərəfdaşlar, qonşularımız bu layihəyə böyük dəstək vermişlər. Bakı-Tbilisi-Qars dəmir yolu birgə səylərlə tikilir və tikiləndən sonra dünya miqyasında yeni bir dəhliz olacaqdır. Həm məsafə baxımından, həm iqtisadi səmərə nöqteyi-nəzərindən bu layihənin çox böyük iqtisadi və siyasi mənası vardır. Nəzərə alsaq ki, Şimal-Cənub dəhlizi də Azərbaycan ərazisindən keçir, biz bu dəhlizin inkişafında da maraqlıyıq və öz səylərimizi qoyuruq. Beləliklə, hesab edirəm ki, son 10 ildə nəqliyyatla bağlı qarşıda duran bütün vəzifələr artıqlaması ilə icra edildi və bu gün açdığımız aeroport bunun növbəti sübutudur.

AzVision.az


Teqlər:  





Xəbər lenti