"Neftçilər" metrosunda təmir başa çatıb

"Neftçilər" metrosunda təmir başa çatıb
  23 Avqust 2017    Oxunub:1318
“Bakı Metropoliteni” QSC-nin "Neftçilər" stansiyasının vestibüllərində təmir işləri yekunlaşdırılıb.
“Bakı Metropoliteni”ndən AzVision.az-a verilən məlumata görə, təmir-bərpa tədbirləri çərçivəsində vestibülün giriş qapısından platforma səviyyəsinə qədər divar örtüyü tamamilə yenilənib, döşəmənin isə ehtiyac duyulan yerlərində təmir-bərpa işləri yerinə yetirilib. Qeyd edək ki, 1972-ci ildə istismara verilmiş stansiyanın vestibülləri uzun müddət istismar olunduğundan mərmər-qranit örtüyün dəyişdirilməsi zəruri tələbə çevrilmişdi.

Təmir zamanı kassa zalında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yeniliklər də tətbiq olunub. Əvvəlki kassa otaqlarının ön hissəsində "BakıKart" kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa edilib. Həmçinin sərnişin keçid məntəqəsində avtomat-nəzarət buraxılış köşkləri sərnişinlərin daha rahat keçməsini təmin edən səmtə dəyişdirilib.

Təmir müddətində vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi, rabitə və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.

Onu da əlavə edək ki, vestibüllərdə təmir aparıldığı müddət ərzində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyət qoyulmayıb. Bu məqsədlə bütün təmir-bərpa tədbirləri mərhələli şəkildə aparılaraq, müvafiq iş şəraiti yaradılıb, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənib.

Xatırladaq ki, 2016-cı ildə stansiyanın keçidləri tam təmir edilib. Bu tədbirlər çərçivəsində keçidlərin döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adını özündə ehtiva edən mozaik pannolar quraşdırılıb.

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti