Prezident Yasamalda yenidənqurulan məktəblərlə tanış olub

Prezident Yasamalda yenidənqurulan məktəblərlə tanış olub
  11 Sentyabr 2013    Oxunub:1084
İlham Əliyev Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi ardıcıl surətdə davam etdirilir.

Əvvəlcə Prezident İlham Əliyev 53 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, məktəbin birinci korpusu 1961-ci ildə inşa olunmuşdur. 2008-ci ildə 360 şagird yerlik ikinci korpus inşa edilmişdir. Hazırda məktəbdə 1780 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbdə əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, şahmat və musiqi otaqları müasir şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilib.

Daha sonra Prezident İlham Əliyev 21 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, məktəbin binası 1953-cü ildə inşa edilmiş, ilk vaxtlar gecə məktəbi, 1958-ci ildən 8 illik, 1976-cı ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Azərbaycan Prezidenti ötən il sentyabrın 5-də 21 nömrəli məktəbdə olarkən şagird sıxlığının aradan qaldırılması məqsədi ilə yeni korpusun inşa olunması ilə bağlı yerindəcə göstərişlər vermişdi. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq 17 sinif otağından ibarət 340 şagird yerlik üçmərtəbəli yeni korpus ən müasir standartlara uyğun şəkildə inşa olunmuşdur. Bundan əlavə, məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri, açıq və qapalı idman meydançaları, iclas zalı, kitabxanası, yeməkxanası, tibb otağı əsaslı şəkildə yenidən qurulmuş və müasir avadanlıqla təchiz edilib.

Prezident İlham Əliyev yaradılan şəraitlə yaxından tanış oldu.


Teqlər:





Xəbər lenti