Əlillər istedadlarını nümayiş etdirəcəklər

Əlillər istedadlarını nümayiş etdirəcəklər
  12 Sentyabr 2013    Oxunub:1223
Noyabrda Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq baxış-müsabiqəsi keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabr ayında Bakı şəhərində Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, baxış-müsabiqədə respublikanın müxtəlif bölgələrindən olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində qabiliyyətlərini nümayiş etdirəcəklər.

Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə qaliblərin mükafatlandırılması, həmçinin mükafat almayan hər bir iştirakçıya maddi yardım verilməsi, qaliblərin iştirakı ilə konsert proqramının təqdim olunması nəzərdə tutulur.

«2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na əsasən təşkil olunan bu tədbirdə məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, musiqi-bədii yaradıcılıq, rəssamlıq-tətbiqi sənət və idman sahəsində onların istedad və qabiliyyətlərinin aşkara çıxarılmasıdır. Belə tədbirlər istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların bir-birilə fəal ünsiyyət qurmalarında, onlarda nikbin ovqatın və yaradıcılıq əzminin yüksəlməsində, onların cəmiyyətə inteqrasiya olunmalarında mühüm rol oynayır.


Teqlər:  





Xəbər lenti