`DigiTürk` Azərbaycana gəldi

`DigiTürk` Azərbaycana gəldi
  12 Sentyabr 2013    Oxunub:3188
Azərbaycan bazarını 100% əhatə etməyi düşünən Türkiyənin məşhur Digitürk rəqəmsal telekanalının Bakıdakı Park Bulvar-da təqdimat mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan Digitürk-ün Azərbaycanda distribütorluğu azərbaycanlı iş adamı Mövlud İşsevərin Türkiyə şirkəti ilə əldə etdiyi razılaşma əsasında mümkün olub. Digitürk-ün Azərbaycan nümayəndəliyi, Digitürk rəhbərliyi və digər qonaqların iştirak etdiyi təqdimat mərasimində bildirilib ki, Azərbaycanda ilk olaraq 5 filialla fəaliyyətə başlayacaq Digitürk 2014-cü ilin sonunadək filialların sayını 10-dək artırmağı və daha sonra isə öz fəaliyyətini bütün Azərbaycan ərazisində genişləndirməyi planlaşdırır. HD və 3D formatında yayım təklif edən Digitürk müştərilərinə Asiya Meqa Paket, Asiya Spor Paketi, Asiya Çempionlar Paketi və Asiya Standart paketlərindən birini seçmək imkanı qazandırır.

Azərbaycan tamaşaçısı ayda 7 AZN-dən başlayaraq Digitürk-ə qoşula bilərlər. LİG TV yayınlarını və Spor Toto, Super Lig oyunlarını izləmək istəyənlər ayda 21 AZN-dən başlayan tariflərlə Asiya Spor Paketinə qoşularaq super liqa həyacanını yaşaya bilərlər.

Təqdimat mərasimində çıxış edən Digitürk Bazarlama Departamentinin beynəlxalq əməliyyatlar üzrə qrup müdiri Murat Yurttaş Azərbaycanın Digitürk üçün çox önəmli bir bazar olduğunu qeyd edib. Azərbaycanın və Türkiyənin istər tarixi, istərsə də mədəni cəhətədən yaxın olduğunu söyləyən Murat Yurttaş Azərbaycan və Türk xalqlarının əyləncə mədəniyyəti və adət-ənənələrinin də bir-birinə çox bənzədiyini vurğulayaraq, ölkəmizdə şirkətin uğurlu fəaliyyət göstərməsi üçün lazımi potensialın mövcud olduğunu və Digitürk-ün qısa zaman ərzində respublikanın bütün ərazisini əhatə etməyi hədəf olaraq qarşıya qoyduqlarını diqqətə çatdırıb.

Mövlud İşsevər isə yüksək keyfiyyətdə yayım təqdim edəcəklərindən şad olduğunu qeyd edərək Digitürk vasitəsilə tamaşaçılara serial və filmlərlə yanaşı, elmi-kütləvi, xəbər, əyləncə, idman və digər sahələrdə çeşidli verilişlərin təqdim olunacağını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti