İlham Əliyev: “Bu, bədbin, qərəzli fikirlərə cavabdır”

İlham Əliyev: “Bu, bədbin, qərəzli fikirlərə cavabdır”
  06 Sentyabr 2017    Oxunub:2819
“Bu gözəl hadisə münasibətilə sizi təbrik etmək istəyirəm. “Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir”.
AzVision.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimindəki çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Şadam ki, Azərbaycanda, Bakıda bu nəhəng gəmi inşa edilib, bu gəmiyə “Xankəndi” adı verilibdir. Bunun da çox böyük mənası var: “Xankəndi bizim qədim şəhərimizdir və Xankəndinin adı bizim üçün əziz, doğmadır. Təsadüfi deyil ki, dünyada unikal standartlara cavab verən gəmiyə məhz bu ad verilmişdir. Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin tikintisi, istifadəyə verilməsi, eyni zamanda onu göstəriri ki, vaxtı ilə Gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O zaman bu qərarı verərkən və tikintisinə sərmayə ayırarkən bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu növ gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur ki, gəmiqayırma zavodunda onu inşa edə bilməyək”.

Prezident əlavə edib ki, hazırda zavodda 4 yeni gəmi tikilir. Onlardan 2-si bərə, 2-si isə tankerdir: ““Xankəndi” gəmisinin tikintisi 400 mln. dollara başa gəlib. Bu da dövlətin gücünü göstərir. "Şahdəniz" qaz yatağının işlənməsində bu gəminin əvəzolunmaz xidməti olacaq. Mənə bu gün verilən məlumata görə, dünyada bu tip cəmi 10 gəmi var və onlardan biri də Azərbaycanda tikilib. Bu gəminin istismarında əksər heyət Azərbaycan mütəxəssisləridir, yerli kadrlardır”.

““Şahdəniz” qaz yatağının işlənməsi Azərbaycan üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə işlər yaxşı gedir. Mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq səviyyəsi 96%-dir. Bu o deməkdir ki, artıq layihə reallaşıb. “Xankəndi” gəmisi olmadan “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil” - deyən İlham Əliyev bildirib ki, bütün işlər ardıcıl aparılır, sərmayə qoyulur, Azərbaycanda platformalar, üzən qurğular inşa edilir.

“Azərbaycanın neft-qaz sektoruna düşünülmüş, planlı şəkildə böyük sərmayə qoyulub və bu gün bunun nəticəsi görülür. Burada BP və SOCAR-ın birgə fəaliyyəti və əməkdaşlığı nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər reallıqdır. Xəzər gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəyə böyük vergi ödəyir. Nəqliyyat, energetika infrastrukturunun uğurlu inkişafı ölkəmizin ümumi inkişafına böyük töhfədir”.

Dövlət başçısı bildirib ki, bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni müqavilənin imzalanması nəzərdə tutulur: “Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. Mən xatırlayıram, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda bəzi bizi istəməyən qüvvələr, həm ölkə daxilində, həm də xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, bu kəmər boş qalacaq. İndi biz 20 ildir ki, “Azəri-Çıraq-Günəşli”də neft-qaz hasil edirik. 1997-ci ildən hasilat başlamışdır və 20 ildən sonra yeni müqavilə imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən neft lazımi səviyyədə hasil ediləcək. Bu həm də o bədbin, qərəzli fikirlərə bir cavabdır. Eyni zamanda onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti