Prezident iki etimadnaməni qəbul edib

Prezident iki etimadnaməni qəbul edib
  12 Sentyabr 2013    Oxunub:1087
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqın etimadnaməsini qəbul edib.

Səfir Mohamed Elias Mohamed əl-Haq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mohamed Elias Mohamed əl-Haq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, enerji, kənd təsərrüfatı, təhsil və digər sahələrdə inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu dedi.

Ölkələrimizin BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda fəal əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi. Prezident İlham Əliyev səfirin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Fövqəladə və səlahiyyətli səfir Mohamed Elias Mohamed əl-Haq Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd Əl-Bəşirin salamlarını dövlətimizin başçısına çatdırdı.

O, ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini dedi. Mohamed Elias Mohamed əl-Haq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Prezident Ömər Həsən Əhməd Əl-Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqin etimadnaməsini də qəbul edib.

Səfir İrfan Siddiq fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İrfan Siddiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı.

Prezident İlham Əliyev son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə sürətlə inkişaf etdiyini dedi.

Londona səfərlərini və Baş nazir Devid Kemeron ilə ötənilki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev Avropa İttifaqında Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olmasının önəmini qeyd etdi.

Böyük Britaniyanın ölkəmizə sərmayə qoyan əsas investorlarından biri olduğunu vurğulayan dövlətimizin başçısı Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin əhəmiyyətini qeyd etdi.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq sürətlə inkişaf edən ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğuladı.

İrfan Siddiq ölkəmizdəki diplomatik fəaliyyəti müddətində bu istiqamətdə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.


Teqlər:





Xəbər lenti