İlham Əliyev məktəblərdəki yenidənqurma işləri ilə tanış olub
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonundakı 252 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə aparılan yenidənqurma işləri və yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu məktəbin binası 1972-ci ildə inşa olunub. Məktəbdə əvvəllər 1100 şagird təhsil alırdı. Dövlət Proqramına uyğun 40 sinif otağından ibarət 800 şagird yerlik əlavə korpus inşa olunmuşdur. 1900 şagird yerlik məktəbdə hazırda 1176 şagird təhsil alır. Məktəbin bütün sinif otaqlarında, ayrı-ayrı fənn kabinetlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Açıq və qapalı idman meydançaları yenidən qurulmuş, müasir istilik sistemi quraşdırılıb.
Prezident İlham Əliyev sonra Sabunçu rayonundakı 80 nömrəli orta məktəbə gəldi.
Burada da görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, bu orta məktəbin binası 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin birbaşa təşəbbüsü ilə inşa olunmuşdur. Ulu Öndər 1975-ci ildə məktəbdə olmuş, müəllim və şagirdlərlə görüşmüşdür. 860 yerlik məktəbdə 1110 şagird təhsil alır. Gələn il üçün 30 sinif otağından ibarət 600 şagird yerlik yeni korpusun inşa olunacağı gözlənilir. 80 nömrəli məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilmişdir. Burada da ən müasir istilik sistemi qurulub.
Yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.