Çinin xarici işlər naziri Azərbaycana gələcək

Çinin xarici işlər naziri Azərbaycana gələcək
  08 Sentyabr 2017    Oxunub:1436
Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı bu ölkənin xarici işlər naziri Vanq Yİ ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ə.Zeynallı xarici işlər naziri Elmar Məmmədyarovun salamlarını və ən xoş arzularını Çinin xarici işlər naziri Vanq Yi-yə çatdırıb.

Ə.Zeynallı Azərbaycanın Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsində əzmli olduğunu bildirib. Həmçinin, Səfir Azərbaycanın Çinin “Bir Qurşaq, bir Yol” təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə Çinlə sıx əməkdaşlığa hazır olduğunu qeyd etdi. Səfir Ə.Zeynallı əlavə etdi ki, yeni səfir kimi ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəkdir.

Çinin xarici işlər naziri Vanq Yi Səfiri Ə.Zeynallını yeni təyinatı münasibətilə təbrik edərək, onun da salamlarının və ən xoş arzularının həmkarı Elmar Məmmədyarova çatdırılmasını xahiş edib. Nazir Azərbaycana rəsmi səfərə dəvət olunduğunu xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu ifadə edib. O, Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib.

Nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Çin xalqının və dövlətinin böyük dostu olduğunu və onun Çinlə əlaqələrin inkişaf etdirilməsi siyasətini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı. Habelə, Nazir Vanq Yi Azərbaycanın “Bir Qurşaq, Bir yol” layihəsinə dəstəyini təqdir etdi və Çinin bu əsnada Azərbaycanla əməkdaşlığa hazır olduğunu ifadə edib. Sonda nazir Vanq Yi səfir Ə.Zeynallıya gələcək fəaliyyətində uğurlar arzu edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti