Uçan körpünün əvəzinə yenisi salınacaq

  12 Sentyabr 2013    Oxunub : 1035
Uçan körpünün əvəzinə yenisi salınacaq
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda nəqliyyatın hərəkətinin bərpası üçün alternativ körpü salınacaq.

Bu sözləri hadisə yerinə gələn və körpünün vəziyyəti ilə tanış olan “Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, mütəxəssislər dağılmış körpüyə, sel suları ötürücüsü olan kanala və ətraf əraziyə baxış keçirib rəy verəcəklər və sonra yeni körpünün inşasına başlanılacaq. Həmçinin bu yolda nəqliyyatın hərəkətinin müvəqqəti bərpası üçün sabahdan indiki körpünün sağ tərəfindən alternativ körpünün inşasına başlanacaq. Hazırda ərazidə Göyçayİsmayıllı yol istismar idarələrinin ağır texnikası və işçi qüvvəsi çalışır, alternativ körpünün inşası üçün hazırlıq işləri görülür. Bu gün günorta saatlarında körpünün dağılmasına səbəb olan “SHACMAN” markalı yük maşınının yedəyindəki mişar daşları başqa maşına boşaldılıb və avtomobil qaldırıcı kran vasitəsilə oradan çıxarılıb.


Məlumata görə, “SHACMAN” markalı yük maşını mişar daşı ilə yüklü vəziyyətdə körpünün üzərindən keçərkən onun yüklə birgə çəkisi normadan çox, yəni 75 ton olub. Maşında 2400 ədəd mişar daşı olub. Amma həmin maşının yüklə birgə 45 tondan artıq çəkisi olmamalı idi.

Qeyd edək ki, ötən gecə saat 23:00 radələrində yolun 3-cü kilometrliyində, İsmayıllının Kürdmaşı kəndi ərazisində sel sularını ötürən kanalın üzərindəki körpü uçub və yol bağlanıb. (apa)

Teqlər: