Prezident Astana sammitində iştirak edib - FOTOLAR (YENİLƏNİB)

Prezident Astana sammitində iştirak edib -
 FOTOLAR (YENİLƏNİB)
  10 Sentyabr 2017    Oxunub:3250
Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.



İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.

İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir.



Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Sammitin açılış sessiyasında çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son zamanlar İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirdi ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir. Eyni zamanda, bu, Qərb ölkələrində islamafobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan Prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyini bildirdi. Prezident Nursultan Nazarbayev İslam ölkələrində elm və texnologiyanın inkişaf etdirilməsi üçün “G-20” formatında beynəlxalq forumun yaradılmasının vacibliyini qeyd etdi. Qazaxıstan dövlətinin başçısı bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini bildirdi və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğuladı. Nursultan Nazarbayev Astana Sammitinin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrdə cəmiyyətin tərəqqisində mühüm rol oynayan elm və texnologiyanın İslam ölkələrində inkişaf etdirilməsinə həsr olunan Sammitin önəmini vurğuladı. Türkiyənin son illər elm və texnologiya sahəsində təhsil imkanlarının genişləndirilməsinə, mühüm proqram və tədbirlərin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini söyləyən Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsində İƏT-ə üzv dövlətlərdən 9500 tələbənin təhsil aldığını qeyd etdi. İslam aləmində son dövrdə yaşanan proseslərin müsəlman ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi zərurətini ortaya çıxardığını deyən Prezident Rəcəb Tayyib Ərdoğan elm və texnologiyanın inkişaf etdirilməsi məqsədilə irəli sürülən təşəbbüslərə siyasi dəstəyin verilməsinin vacibliyini bildirdi.



Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn müsəlman ölkələrində də elm və texnologiyanın inkişafına xidmət edəcək belə bir Sammitin təşkilini yüksək qiymətləndirdi. Bildirdi ki, bu Sammitdə qəbul olunacaq qərarlar müsəlman ölkələrində elm və texnologiyanın inkişafı sahəsində görülən işlərə böyük təkan verəcək. Bu baxımdan elm və texnologiya sahəsində nailiyyətlərin dəstəklənməsi çox böyük əhəmiyyət kəsb edir.

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz elm və texnologiyanın inkişaf etdirilməsinin dayanıqlı tərəqqiyə nail olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İslam dünyasının, o cümlədən Mərkəzi Asiya bölgəsinin orta əsrlərdə dünyanın elm mərkəzi olduğunu bildirdi. Özbəkistanda 300-dən çox elm və texnologiya mərkəzinin fəaliyyət göstərdiyini, ölkəsində bu sahənin inkişafına xüsusi diqqət yetirildiyini qeyd etdi.

Afrika ölkələri qrupu adından çıxış edən Qvineya Respublikasının Prezidenti Alfa Konde elm və texnologiyanın cəmiyyətin həyatının müasir formada təşkilinə şərait yaratdığını, istehsal imkanlarını artırdığını bildirdi. Qeyd etdi ki, son illər Afrika ölkələrində elm və texnologiya sahəsinin inkişafına böyük məbləğdə sərmayələr yatırılır.



İran İslam Respublikasının Prezidenti Həsən Ruhani elm və texnologiya sahəsində əməkdaşlığın İslam ölkələrinin inkişafında mühüm rol oynadığını bildirdi. Müasir dövrdə İslam dünyasının müxtəlif problem və çağırışlarla üzləşdiyini qeyd edən Prezident Həsən Ruhani bütün bunların müsəlman aləmində böyük təəssüf hissi doğurduğunu vurğuladı. Dövlət başçısı bu problemlərin həll edilməsi, eləcə də müsəlman ölkələrində inkişafın təmin olunması üçün bütün istiqamətlərdə, o cümlədən elm və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.



İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin Astana Sammitinin İslam dünyası üçün olduqca mühüm vaxtda keçirildiyini bildirdi. Müsəlman ölkələrinin inkişafı istiqamətində vacib addımların atılmasının zəruriliyini qeyd edən Yusif Əl-Osaymin dedi ki, elm və texnologiyanın tərəqqisi sahəsində atılan addımlar ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək.

Açılış sessiyasından sonra Sammit işini “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiya ilə davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış edib.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Astana   Sammit  





Xəbər lenti