Məktəblərdə satışı qadağan olunan qidalar- SİYAHI

  12 Sentyabr 2013    Oxunub : 502
Məktəblərdə satışı qadağan olunan qidalar- SİYAHI
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını açıqlayıb.

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, istifadə müddəti bitmiş, bir gün əvvəl hazırlanmış qidaların, xarab olma əlamətli meyvə-tərəvəz məhsullarının, baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsullarının satışı qadağan edilir.

Bununla yanaşı, qadağan olunmuş qida məhsullarının adlı siyahısı da hazırlanıb. Siyahıda aşağıdakı qida məhsulları yer alıb:

1. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);

2. İçalatı təmizlənməmiş quş;

3. Vəhşi heyvanların əti;

4. Suda üzən quşların yumurtası və əti;

5. Qabığı çirklənmiş yumurta, və həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta;

6. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;

7. Termiki emala məruz qalmayan yaşıl noxud;

8. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;

9. Mənşəyi məlum olmayan ərzaq məhsulları;

10. Kremli şirniyyat məmulatları (piroq və tortlar);

11. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;

12. Ev şəraitində hazırlanmış qatıq;

13. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);

14. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;

15. Kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;

16. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;

17. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;

18. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər ( kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;

19. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;

20. Təbii kofe, alkoqollu, energetik içkilər;

21. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;

22. Qazlaşdırılmış içkilər;

23. Bitki yağları əsasında süd məhsulları və dondurma;

24. Saqqız, çipsilər;

25. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları;

26. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər;

27. Yumurtalı makaronlar, qayğanaq;

28. Frityurda qızardılan piroqlar və ponçiklər.

Teqlər: