Kiyevdə media konfransı keçirilir
Tədbir iştirakçılarına ünvanladığı müraciətdə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han vurğulayıb ki, “İfadə azadlığı İttifaqımızın qurulmasında əsas təməllərdən biridir. Biz inanırıq ki, uğurlu cəmiyyətlər üçün güclü və müstəqil mətbuat dünyanın istənilən yerində çox vacibdir. Bu günkü konfrans pluralizm və medianın müstəqilliyi məsələlərində Aİ ilə tərəfdaş ölkələr arasında sıx əməkdaşlığın önəmini açıq-aydın göstərir.”
Tədbiri Avropa Komissiyası Avropa Xarici Fəaliyyət Xidməti ilə birlikdə və Ukrayna Hökumətinin dəstəyi ilə təşkil edib.
Son on il ərzində Avropa İttifaqı Şərq tərəfdaşlığı ölkələrində media ilə bağlı təşəbbüslərin dəstəklənməsi üçün təxminən 30 milyon avro xərcləyib və ayırıb. Müstəqil jurnalistika demokratik cəmiyyətin inkişafı üçün zəruri şərtdir və Avropa İttifaqı öz qonşuluğunda azad, müstəqil və plüralist media mühitini dəstəkləmək öhdəliyinə tam sadiqdir.
Konfransda Şərq qonşuluğu ölkələrində media işçilərinin üzləşdiyi müxtəlif təzyiqlər nəzərdən keçiriləcək. İştirakçılar həmçinin xəbər və reportajların istehsalında iqtisadi dayanıqlığa nail olmağın yollarını və ictimai yayım sektorlarında islahatların aparılmasında qarşıya çıxan çətinlikləri müzakirə edəcəklər.
Konfrans iştirakçıları media orqanlarının daha dayanıqlı olması və jurnalistlərin peşəkarlığının artırılması yollarını da müzakirə edəcəklər. Sosial mediada dezinformasiya kampaniyaları, eləcə də qərəzli və yaxud yanlış məlumatların yayılmasından irəli gələn problemlər də müzakirə mövzusu olacaq. Burada cəmiyyətdə tənqidi düşüncə tərzinin artmasına medianın necə kömək edə biləcəyinə xüsusi diqqət veriləcək.
Avropa Demokratiyaya yardım Fondu (EED) konfransdan öncə keçirəcəyi tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələrində müstəqil medianın dəstəkləməsi ilə bağlı öz təcrübəsini bölüşəcək. Tədbirdə sürətlə dəyişən siyasi mühitlər və cəmiyyətlərin transformasiyası kontekstində müstəqil media orqanlarının rolu diqqət mərkəzində olacaq.
EED – Aİ-nin müəyyən üzv dövlətləri və Avropa institutlarının maliyyələşdirdiyi özəl qrantlar ayıran təşkilatdır.
Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin 2-ci media konfransı 2017-ci ilin noyabrında Brüsseldə keçiriləcək 5-ci Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məqsədi ilə təşkil olunur. Konfrans zamanı aparılan müzakirələr və onun nəticələri Sammit danışıqlarının əsasını təşkil edəcək.
AzVision.az
Teqlər: Ukrayna