`Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır` - PREZİDENT

`Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır` - PREZİDENT
  13 Sentyabr 2013    Oxunub:981
`Elə etməliyik ki, bizim gənclər xaricə oxumağa getməyə ehtiyac duymasınlar. Azərbaycanda təhsilin səviyyəsi elə olmalıdır ki, burada ən yüksək təhsil almaq üçün imkan olsun`.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılış mərasimində universitetin müəllim-tələbə kollektivi ilə görüşündə deyib.

Prezident qeyd edib ki, əminəm ki, biz buna nail olacağıq:

-İnsanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir. Mənim bölgələrə səfərlərim zamanı açılan xəstəxanalar, su xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir məqsədi güdür - Azərbaycanda insan sağlamlığı qorunsun, keyfiyyətli müalicə almaq üçün imkan, şərait olsun. İndi bütün bölgələrdə və yaxın zamanlarda hər bir şəhərdə dializ mərkəzləri tam şəkildə fəaliyyətə başlayacaqdır. Əksər şəhərlərdə biz artıq buna nail olmuşuq. Biz bunun müsbət tərəfini görürük. Vaxtilə xəstələr 100 kilometrlərlə məsafəni qət etməli olurdular, böyük şəhərlərdə müalicə alırdılar. İndi hər bir bölgədə deyə bilərəm ki, təxminən hər bir şəhərdə müasir dializ mərkəzləri vardır. Ona görə insanların sağlamlığını təmin edən tibbi xidmət bu gün əlbəttə ki, daha da yüksək səviyyədədir. İnsan sağlamlığını şərtləndirən digər amillər Azərbaycanda əlbəttə ki, vardır. Bu sahəyə diqqət yetirilir. Statistik göstəricilər, - yəqin ki, həkimlər bunu hamıdan yaxşı bilirlər, - onu göstərir ki, Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq ölümü azalır. Bu, səhiyyənin səviyyəsini göstərən əsas amillərdən biridir.

Ölkə başçısı vurğulayıb ki, biz çalışmalıyıq ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun:

-Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir. Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaq`.



Teqlər:  





Xəbər lenti