Çinin sədri Azərbaycana səfər edəcək

Çinin sədri Azərbaycana səfər edəcək
  14 Sentyabr 2017    Oxunub:1860
Azərbaycanın Çinə yeni təyin olunan səfiri Əkrəm Zeynallı etimadnamələrini bu ölkənin sədri Si Cinpinə təqdim edib.XİN-dən AzVision.az-a verilən məlumata görə, etimadnamələrin təqdim edilməsi mərasimi çərçivəsində yeni təyin olunmuş səfirin S.Cinpinlə apardığı söhbət zamanı Ə.Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin ən səmimi salamlarını və xoş arzularını Çinin dövlət başçısına çatdırıb.
Ölkəsinin Çinlə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini və ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməkdə maraqlı olduğunu bildirən səfir, Azərbaycan Prezidenti İlham Əliyevin S.Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladıb.

Azərbaycan Hökumətinin Çin Xalq Respublikasının sədri S.Cinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədiyinə diqqəti yönəldən səfir, ölkəsinin bu təşəbbüsün uğurla həyata keçirilməsinə xüsusi töhfə verməyə hazır olduğunu bildirib. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edən səfir Çin şirkətlərini Azərbaycanla daha sıx işləməyə dəvət edib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir Ə.Zeynallı, münaqişənin həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.

Səfiri yeni təyinatı münasibətilə təbrik edən S.Cinpin Azərbaycan Prezidentinin səmimi salamlarına və xoş arzularına görə təşəkkür edib, onun da salamlarını və xoş arzularını Azərbaycanın dövlət başçısına çatdırmasını səfirdən xahiş edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfərini məmnuniyyətlə xatırladan S.Cinpin, həmin səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra vacib qərarlar qəbul etdiklərini bildirib və bu qərarların həyata keçirilməsi üçün Prezident Əliyevlə daha sıx işləməyə əzimli olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkür bildirən S.Cinpin, ölkəmizə rəsmi səfər etməkdən məmnun olacağını qeyd edib və hər iki tərəf üçün məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılmasını təklif edib. Söhbət zamanı Çin Xalq Respublikasının sədri S.Cinpin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədikləri üçün şəxsən Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Çin   Azərbaycan  





Xəbər lenti