UFAZ-ın yeni binasının açılışı olacaq

UFAZ-ın yeni binasının açılışı olacaq
  15 Sentyabr 2017    Oxunub:2863
Azərbaycanın Təhsil Naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan və Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və İnnovasiyalar Şöbəsinin Baş Direktoru Alen Berets ilə birgə cümə günü keçiriləcək Azərbaycan-Fransız Universitetinin yeni tədris binasının açılış mərasimində iştirak edəcəklər.
Bu barədə Fransa səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilib.

Mərasimdə iştirak edənlər sırasında həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin Vitse-Prezidenti - İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondun prezidenti, əməkdar elm xadimi cənab Bernar Menye və Fransanın Azərbaycandakı Səfiri - Oreliya Buşez olacaqlar.

Bununla əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalayacaqlar. Bu Fond Fransa, Azərbaycan və beynəlxalq şirkətlərə UFAZ-ın gələcək inkişafı və onun tədqiqat fəaliyyətinə dəstək vermək imkanı yaradacaqdır.

2017/2018 tədris ili ərzində aşağıdakı dörd ixtisaslar üzrə bakalavr proqramı üzrə UFAZ 283 tələbəyə (onlardan 240 nəfər dövlət təqaüdü alacaqdır) təhsil vermək niyyətindədir:

• Kimya mühəndisliyi
• Geofizika mühəndisliyi
• Kompüter mühəndisliyi
• Neft-qaz mühəndisliyi

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Fransa   Azərbaycan   UFAZ  





Xəbər lenti