Düşmən ordusu əks hücum hazırlıqlarına başladı

Düşmən ordusu əks hücum hazırlıqlarına başladı
  19 Sentyabr 2017    Oxunub:3414
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları əks hücum təlimləri keçiriblər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Bağramyan” təlim mərkəzində 5-ci ordu korpusunun hərbi hissələrindən biri cəlb olunmaqla alayın döyüş atışlı təlimi baş tutub. Təlim zamanı şəxsi heyət mühafizədən müdafiəyə keçib, döyüş apararaq əks hücum ediblər.
Təlimin gedişatını korpus komandiri general-mayor Karen Abrahamyan izləyib. Təlimə alayın idarə heyəti, minaatan batareya, artilleriya və təminat bölmələri, kəşfiyyat və mühəndis-istehkam taqımları, həmçinin 2 ədəd "SU-25" qırıcı təyyarəsi, 2 ədəd "Mİ-24" və 1 ədəd "Mİ-8" helikopterləri, tanklar, artilleriya bölmələri cəlb edilib.

Təlim zamanı desant çıxarma (helikopterdən enmə) icra edilib. Təlimdə yalnız müqaviləli hərbi qulluqçular iştirak edib.

Plana əsasən şərti “düşmən” bilavasitə təmas şəraitindən müdafiəyə keçərək, 1-ci və 2-ci eşelonda erməni qüvvələrini məhv etməyə cəhd edib. “Düşmən” müəyyən uğur əldə etməyə nail olub və erməni qüvvələrinin mövqelərinin dərinliklərinə daxil olub və möhkəmlənməyi bacarıb.

Təlim 3 mərhələdə keçirilib.

1-ci mərhələ - Alay döyüş hazırlığı vəziyyətinə gətirilib, mühafizədən müdafiəyə keçib.

2-ci mərhələ - Alay hərbi marş keçərək, təlim rayonunda cəmləşib və orada bölmələrə müdafiə döyüşünə hazırlaşmağa dair tapşırıq verilib. Döyüş əməliyyatlarının başlanılmasınadək ərazinin öyrənilməsi işləri, ərazidə qarşılıqlı fəaliyyət və idarəetmə təşkil edilib və müdafiə ərazisi döyüşə hazırlanıb.

3-cü mərhələ - Atış mərhələsində şərti düşmənin hücumunun başlanılması və geri oturdulmasına dair planlar icra olunub.

Təlimin şərtlərinə uygun olaraq "düşmənin" mövqelərinə zərbə endirməklə hərbi hissə qüvvələrinin əks hücumuna əvvəlcə artilleriya və aviasiya dəstək verib. Daha sonra tankçılar piyadanın irəliləməsinə imkan yaradıb.

“Mi-24”lərin iki dəfə hava hücumundan sonra xüsusi təyinatlı tağım hərəkətə keçib. Bununla da təlimdə iştirak edən qüvvələr döyüş tapşırıqlarını yerinə yetiriblər.

Hərbi hissə komandiri bildirib ki, təlim zamanı günün tələblərinə cavab verən, müasir tətbiqetmə, hərbi hissənin kəşfiyyat bölüyünün qüvvələri ilə desant endirmə planı həyata keçirilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Təlim  





Xəbər lenti