Rəsmi Yerevan Çexiyada qətl törədən mafiozu müdafiə edir

  20 Sentyabr 2017    Oxunub : 9709
Rəsmi Yerevan Çexiyada qətl törədən mafiozu müdafiə edir

Çexiya Respublikasında nəşr olunan “The Prague Post” adlı qəzetin 2009-cu il saylarının birində Praqada erməni mafiyasının üzvlərinin həbs edilməsi haqda xəbər dərc olunmuşdu. Xəbərdə deyilirdi ki, 2007-cı ildə qətl faktı ilə əlaqədar Çexiya polisinin başlatdığı uzunmüddətli istintaqın nəticəsində 2009-cu ilin mart ayında ermənilərdən ibarət 4 nəfərlik qruplaşma nəhayət ki, zərərsizləşdirilib.

Çexiya polisinin araşdırmalarından sonra o da bəlli oldu ki, sözügedən erməni qruplaşmasının fəaliyyəti Avstriyaya qədər gedib çıxıb. İstintaq nəticəsində cinayətkar qruplaşmanın Avstriya ərazisində yaşayan şəxslərdən xərac topladığı aşkarlanmışdı.

Çexiyanın başlatdığı bu əməliyyatın davamı kimi Avstriya da bir sıra addımlar ataraq, ermənilərdən ibarət bir neçə qruplaşmanı həbs etdi. Avstriya polisinin rəsmilərindən biri demişdi ki, erməni mafiya üzvləri adətən şiddətə, zorakılığa daha çox meyilli olurlar.

Bundan başqa çex qəzetinin polis mənbələrinə istinadən yazdığına görə, erməni cinayətkar qruplaşmaları insan öldürməkdən savayı, qəsbkarlıq, soyğun və bənzər cinayətləri təşkilatlanmış şəkildə həyata keçiriblər. Çexiya polisi həbs olunmuş erməni cinayətkar şəbəkəsinin narkotik satışı, insan alveri, maliyyə fırıldaqları kimi məsələlərdə də əlinin ola biləcəyindən şübhələnir.

Çexiyada törədilmiş bu cinayətlərin başında duran şəxs Andranik Saqhoyandır. O, 2014-cü ildə Ermənistan ərazisində polis tərəfindən saxlanılıb. Amma Çexiya hökumətinin lazımı sənədləri təqdim edə bilmədiyini bəhanə edən Ermənistan rəhbərliyi qısa müddət sonra onu azadlığa buraxmışdı. Çexiya Ali Məhkəməsinin onun ekstraditisiya ilə bağlı Ermənistana müraciətləri isə nəticəsiz qaldı.



Faktla bağlı açıqlama verən Çexiya rəsmisi Katarina Hroçova bildirib ki, Ermənistan dövləti müxtəlif bəhanələr gətirərək, Saqhoyanın Ermənistan vətəndaşı olmasını əsas tutaraq, onun təhvil verilməsini əngəlləyib. Cinayətkarın verilməsi tələbləri isə müxtəlif qeyri-hüquqi yollarla rədd edilib.

Bu fakt Saqhoyanın rəsmi Yerevanda himayədarlarının ola biləcəyi ehtimalını gücləndirir. Əks hada, Ermənistan hakimiyyəti bütün hüquqi qaydaları pozaraq, mafiya başçısını bu cür israrla qorumazdı.

Praqa şəhər məhkəməsinin sözçüsü Marketa Puci cinayətkar Saqhoyanın Çexiyaya gətirilməsi və orada cəza çəkməsi üçün yenidən məhkəmə prosedurların başladılacağını elan edib.

Qeyd edək ki, Andranik Saqhoyan 2007-ci ildə qətl törətməkdə günahkar bilinir. Bundan öncə düz 2 dəfə məhkəmədən bəraət alan Saqhoyanın həbsi ilə bağlı 2013-cü ildə qətimkan tədbiri seçilsə də, o, vaxtında Ermənistana qaçmağı bacarıb.

Erməni mətbuatının yazdığına görə, hazırda Ermənistan hakimiyyətinin yaratdığı şəraitin nəticəsində Saqhoyan ölkədə rahat şəkildə yaşayır.

Fərrux Həsənov
AzVision.az

Teqlər: #Andronik-Saqhoyan   #Çexiya   #Mafiya   #Kriminal