Avropalı səfir ilk dəfə Azərbaycan dilində danışdı - VİDEO

  21 Sentyabr 2017    Oxunub : 9160
Avropalı səfir ilk dəfə Azərbaycan dilində danışdı - VİDEO

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Səfir Kəstutis Yankauskas həmyerlilərimizi şənbə günü Şəkidə keçiriləcək Avropa Şəhərciyinə dəvət edib.

AzVision.az xəbər verir ki, Azərbaycan dilində çıxış edən səfirin görüntüləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi səhifəsində yerləşdirilib.

“Əziz dostlar. Hamınızı bu şənbə günü ŞəkiAvropa şəhərciyinə dəvət edirəm”, - deyə Kəstutis Yankauskas bildirib.



Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi yerli İcra Hakimiyyətlərinin dəstəyi ilə sentyabr ayında şimal-qərb bölgəsində, o cümlədən Şəkidə tədbirlər silsiləsi planlaşdırır. Bu ayın 19-dan başlayaraq 1 həftə ərzində müxtəlif şəhərlərdə 10-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub.

Avropa İttifaqı Avtobus Turu 2017” layihəsi çərçivəsində keçiriləcək tədbirlər İsmayıllı, Qax, ZaqatalaŞəki rayonlarını əhatə edəcək. Layihənin əsas məqsədi Azərbaycanın regionlarında insanları Avropa İttifaqı barədə məlumatlandırmaq və mədəniyyəti ilə daha yaxından tanış etmək, həmçinin yerli sakinlərin Avropa haqqında fikirləri ilə tanış olmaqdır.

Tədbir çərçivəsində İsmayıllı Peşə Təhsil Məktəbinin tələbələri üçün kulinariya və qonaqpərvərlik mövzusunda seminar, Qaxda E. Babayev adına 4 saylı məktəbdə 7-14 yaşlı uşaqlar arasında “Mənim Avropam” adlı rəsm müsabiqəsi, Zaqatalada Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr, kiçik və orta biznes nümayəndələri üçün master klasslar təşkil olunacaq.

“Aİ Avtobus Turu”nun əsas dayanacağı olan Şəkidə 2 gün ərzində müxtəlif sosial, mədəni və təhsil yönümlü tədbirlər – Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının kitabxanasında Aİ kitab guşəsinin açılışı, Avropa İttifaqı – Azərbaycan əlaqələri haqqında treyninq, ingilis dili müəllimləri üçün British Council təlimçisinin iştirakı ilə vorkşop, səfirlərin iştirakı ilə “Tolerantlıq” mövzusunda tələbələrin təqdimatı və debatı olacaq, həmçinin uşaq evində də tədbirlər keçiriləcək.



Qeyd edək ki, “Aİ avtobus turu” çərçivəsində Avropa İttifaqının Nümayəndəliyi regionun ən qədim teatrlarından biri olan Şəki Dövlət Teatrının 135 illiyinə hədiyyə olaraq Hans Kristian Andersenin “İmperatorun yeni paltarları” adlı nağılın səhnələşdirilməsinə də dəstək verib.

Tədbirlər silsiləsi “Yuxarı Baş” (Şəki Xan Sarayı) Dövlət Tarix-Memarlıq Qoruğunda Şəki sakinləri üçün əyləncəli Avropa sərgisi və açıq hava konserti ilə yekunlaşacaq. Konsetdə Azərbaycanın məhşur müğənnilərinin, “Səs Azərbaycan” və Avroviziya yarışmasının iştirakçılarının çıxışları nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, “Avropa İttifaqı Avtobus Turu” layihəsi artıq ikinci ildir ki, təşkil olunur, 2016-cı ildə Gəncə və ətraf rayonları əhatə edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər:   Azərbaycan