ABŞ Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir - Robert Sekuta

  22 Sentyabr 2017    Oxunub : 1164
ABŞ Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir - Robert Sekuta

"Qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirilir"

AzVision.azAzərTAc-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən müstəqil beyin mərkəzi “Caspian Policy Center”in (CPC) Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişə həsr edilən xüsusi icmalında fikirlərini bölüşən ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta deyib.

R.Sekuta bildirib: “ABŞ AÇG yataqlar blokunun inkişafı istiqamətində imzalanan yeni sazişdə Azərbaycanla əməkdaşlıq etməkdən məmnundur. ABŞ davamlı olaraq Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində neft və qaz yataqlarının hasilatını dəstəkləyib. Burada əsas hədəf neft və qaz resurslarının Avropa və digər bazarlara çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirilir. Bu həqiqət, ABŞ Prezidenti Donald Trampın 28 May – Respublika Günü ilə bağlı, eyni zamanda, XXIV Neft və Qaz sərgisi və konfransı münasibətilə Azərbaycana ünvanladığı təbrik məktubunda, ABŞ dövlət katibi Reks Tillersonun fevral ayında keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasına göndərdiyi məktubda öz əksini tapıb”.

Səfir qeyd edib ki, ABŞ bundan sonra da Azərbaycandakı layihələrdə uzunmüddətli tərəfdaşı olmağa davam edəcək: “1990-cı illərin sonunda ABŞ Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə siyasi dəstək verib, ABŞ şirkətləri bu layihədə özlərinin maliyyə və texnologiya vəsaitləri ilə iştirak ediblər. ABŞ bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycanın neft və qaz sektorunda, qeyri-neft sektorunda və yeni İpək yolu layihələrində uzunmüddətli tərəfdaşı olmağa davam edəcək”.

AzVision.az

Teqlər: ABŞ   Səfir   Azərbaycan   Robert-Sekuta