Nazir ATƏT-in Baş katibinə Azərbaycanın mövqeyini çatdırdı

Nazir ATƏT-in Baş katibinə Azərbaycanın mövqeyini çatdırdı
  23 Sentyabr 2017    Oxunub:1899
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Baş katibi Tomas Qreminger ilə görüşüb
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanla ATƏT arasında əlaqələrin hazırkı səviyyəsi nəzərdən keçirildi və əmədaşlıq məsələləri müzakirə edildi. Tərəflər Azərbaycanla ATƏT arasında konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladılar.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə üzrə danışıqlar prosesinin son statusu barəsində ətraflı məlumat verdi və ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı.

Nazir, həmçinin, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan etdi.

Görüşdə tərəflər ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Məmmədyarov  





Xəbər lenti