Məmmədyarov üç ölkənin XİN rəhbəri ilə görüşüb

  25 Sentyabr 2017    Oxunub : 781
Məmmədyarov üç ölkənin XİN rəhbəri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə ilə görüş keçirdi.

Bu barədə XİN-dən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Görüşdə ölkələrimiz arasında, siyasi, iqtisadi, mədəni, turizm və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu qeyd edərək bu çərçivədə görülən tədbirlər haqqında danışdı.

Turizm sahəsində əməkdaşlığın inkişafı, Bəhreyndən və Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının əsaslı dərəcədə artması məmnuniyyətlə qeyd olundu.

Elmar Məmmədyarov həmkarına Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini işğalı, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsinin, o cümlədən İslam dininə aid abidələrin talan və məhv edilməsi və münaqişənin həlli ilə bağlı danışıqlar barədə məlumat verdi.
Görüşdə tərəflər həmçinin, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asiflə görüşdü.

Elmar Məmmədyarov Pakistanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk dövlətlərdən olduğunu və bu ilin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlamətdar olduğunu xatırladaraq, iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluq ifadə etdi. Dostluq və qardaşlıq xarakterli münasibətlərin irəlilədilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını dedi və bu xüsusda, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 2017-ci ilin fevral ayında Pakistana səfərini xüsusi qeyd etdi.
Nazir K.Asif Pakistanın dost ölkə olam Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini dedi.

Görüşdə Azərbaycan və Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verərək, Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid ibadət ocaqlarını vəhşicəsinə talan və məhv etdiyini, qoşunların təmas xətti boyunca mülki insanları, o cümlədən uşaq və qadınları qəsdən hədəfə aldığını diqqətə çatdırdı.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə yanaşı, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər barəsində fikir mübadiləsi apardılar.

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman Safadi ilə görüşüb.

Nazir Elmar Məmmədyarov bu il xarici işlər naziri təyin olunan Ayman Safadini xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsinə nəzər salındı, əlaqələrin daha da inkişaf etdirilməsi yolları və perspektivlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazirlər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığın digər beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməsinin vacibliyini qeyd etdilər.

Tərəflər, həmçinin, dünyada islamafobiya meyillərinin artmasından narahatlıq ifadə edərək, islam həmrəyliyinin gücləndirilməsi və təşviq edilməsinin əhəmiyyətini vurğuladılar. Bu xüsusda Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu və bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini dedi.

Elmar Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərini və BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsinin regional sülh üçün ciddi təhlükə olduğunu bildirdi. Nazir Elmar Məmmədyarov İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupun fəaliyyəti, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid abidələri, ibadət ocaqlarını vəhşicəsinə məhv etdiyi, beynəlxalq humanitar hüququ pozmaqda davam edərək qoşunlarının təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları qəsdən hədəfə aldığı barəsində həmkarına məlumat verdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov