"Aldadılmışıq, istismar olunmuşuq" - Əli Kərimlinin ən yaxın adamı

  25 Sentyabr 2017    Oxunub : 1887
"Aldadılmışıq, istismar olunmuşuq" - Əli Kərimlinin ən yaxın adamı

AXCP Rəyasət Heyətinin sabiq üzvü, yaxın zamanlara qədər Əli Kərimlinin ən yaxın adamı olmuş, tanınmış siyasətçi Sahib Kərimli özünün Facebook səhifəsində məqalə ilə çıxış edib.

Həmin yazını təqdim edirik: "Bu günkü mitinqlə bağlı yazmaya bilərdim. Amma mümkün olmadı, özümlə bacarmadım. İllərim gedib bu yolda. Gəncliyimi, enerjimi xərcləmişəm. Aldadılmışıq, istismar olunmuşuq. Ortada nəticəsizlik və fiasko var.

Müstəqillik uğrunda mübarizənin qəhrəmanları, fədakar insanlar bu aqibətə layiq deyildilər. Onlar, yanlış idarəetmənin və dələduz siyasətçilərin günahı ucbatından bu hala gəldilər. Kiçik bir məhəllə meydançasını 5 ildir doldura bilməyən bir siyasi hərəkatın, təşkilatın rəhbərliyi utanc hissi keçirmək əvəzinə yeni fırıldaqlar üzərində baş sındırır. Kimi aldadırsız?Tribunanın yaxınlığına toplaşan hələlik heç nədən bixəbər yeni prosesə aldadıb qoşduğunuz 300 gəncimi? Yoxsa Rusiyada və digər xarici ölkələrdə yaşayan internet imkanlarından yeni yararlanmağa başlayan kontingentimi? O iki kəsimidən o qədər də narahat deyiləm. Ürəyim sızıldayır meydançanın mərkəz hissəsinə səpələnmiş biçarə hərəkatçılara. Onlar bu gün tribunadan pafosla səslənən ifunət qoxulu səslərdən az qaldı ki boğulalar.

İllərini oğurlamısız. Duyğularını istismar etmisiz, zəhmətlərini boşuna xərcləmisiz. Hesabat verməli olduğunuz halda borclu çıxarırsız. Onlar abırlarına sığınıb sizdən hesabat tələb etmirlər ki, niyə yüzminlər çağırışınızdan xəbərdar olur amma qoşulmur. Bu gün bir daha özümə söz verdim. Hərəkatçıların istismarına imkan verməyəcəm. Onlar buna layiq deyillər. Cəbhəçi adından Milli Şura adından xoşluqla imtina edin. Buna layiq olmadığınızı görmək çoxmu çətindir?. Xalqın yaratdığı strukturlara rəhbərlik edənlər bir gün belə ona rəhbərlik etməyə layiq deyillər. Siz fədakar insanları bu hakimiyyətin qarşısında taqətsiz hala gətirib, dizlərini çökdürmüsüz. Şəxsi məqsədləriniz naminə milləti parçalamısız. Siz parçalamısız deyə hakimiyyətdəkilər sərvətləri rahat didib-parçalay bilir. Siz parçalamısız deyə ölkədə real tələblər səslənmir və idarə edənlər məsuliyyətsizdi. Siz parçalamısız deyə demokratik hərəkat bu qədər dişsizdir. Siz parçalamısız deyə müxalifət beynəlxalq qurumlar tərəfindən ciddi qəbul edilmir. Və nəhayət siz parçalamısız deyə bu ölkə insanı param-parçadır".

AzVision.az

Teqlər: AXCP