Ümidsizlik içində ümid

Ümidsizlik içində ümid
  14 Sentyabr 2013    Oxunub:2535
Bu gün Azərbaycanımızın çox istedadlı və gözəl balası Samirənin sərgisinin aşılışında iştirak etdik. Sərgi Samirəni tanımaq, iç dünyasını, boyuu, yaşını aşan böyük sevgisini görmək üçün yetərli idi.

“Əsərlərinin hansını almamı istəyərdin? Sən hansını desən onları alacam?” dediyim zaman “sizin daha çox hansılar xoşunuza gəlirsə, onu…” dedi Samirə. Seçdim… Duyğularımız yaman oxşarmış… – “Mən də onları seçərdim” dedi. Məlum oldu ki, seçdiyim tablonun birində Samirə böyüyəndə özü üçün quracağı evi təsvir edib. Təbiət və huzurla iç-içə bir ev… ev yox, siz deyin bir dünya..!

İkinci tablonu seçəndə üzümə diqqətlə baxdı. “Bilirsiniz, burada mən… sevdiyi tərəfindən incidilən, yaralanan, xəyanətə uğrayan aşiqi çəkmişəm” dedi… Balaca Samirənin həssas qəlbi insanı heyrətə salır. Mənə bu tablonu çəkmə hekayəsini danışdı. Daha doğrusu onu bu tabloyu çəkməyə sövq edən ilginc həyat hekayəsini…

Seçdiyim üçüncü tabloda isə… “bilirsiniz, o mənim ən böyük arzularımdan biridir” dedi. – Caminin təsvir olunduğu tablodan Məkkənin qoxusu gəlirdi… -Bəli, bəli, məhz qoxusu – rənglər, bir balaca qızın əsərləşmiş hiss-həyəcanı, qanadlı duyğuları… sənətin estetik dəyərləri… Məkkə qoxusu gətirirdi… -“Bilirsiz, mən anamla birlikdə Məkkəyə, Həccə getməyi arzulayıram” deyən Samirə ilə söhbətə anası müdaxilə edir və “…biz namaz qılan, ibadət edən insanlarıq və Samirə hər zaman mənə, “ana, səni də Həccə aparacam, birlikdə gedəcəyik deyir…” deyə əlavə edir.
Əsərləri bir “şərt”lə alıram. Samirə böyüyüb istədiyi evi quranda aldığım və onun gözəl əl işi olan “Ev”ini, Allah ömür verərəsə, ona hədiyyə aparacam. “Yaralı Aşiq”sə hər zaman mənim evimdə gözəl bir tablo kimi asılacaq. “Məkkə. Həcc”i isə tabloya maraqla baxan, dəyərli sənətçimiz və dost Aybəniz xanımın gözəl qızı Aynişana hədiyyə edirəm. İnşallah həm Samirəyə, həm Aynişana qismət olar Həcc ziyarətini yaşamaq.

“Samirəyə və anasına Həcc ziyarətinə getməyə kim kömək edəcək?” deyə sual edirəm və sağ olsun dostlar, o dəqiqə müsbət reaksiya verirlər və onların bu missiyanı üzərlərinə götürəcəklərinə inanıram.
Samirə möhtəşəm bir qızdır. Onun “ümidsizlik içində ümid” tablosunu sadəcə görməniz lazımdır. Ona görə də ümid edirəm ki, Samirənin bir neçə gün Müasir İncəsənət Mərkəzində (Daxili İşlər Nazirliyi yaxınlığında) davam edəcək sərgisini mütləq işləyəcək və əsərlərini evinizi bəzəməsi üçün alacaqsınız.

Samirə taleyin ağırısı ilə doğulub. ( -Anadangəlmə budsümüyüçıxığı və sağ ayağının sol ayağına nisbətən qısa olması ilə…) Düz 9 dəfə Azərbaycanda əməliyyat olunub. Amma yaxşılaşmaq əvəzinə daha da pisləşib. Nəhayət qardaş Türkiyəyə üz tutub maddi çətinliklərə baxmayaraq, ailə hər şeyi Samirə üçün yönəldib… 6 dəfə də Türkiyədə əməliyyat olunub və nəhayət üzü yaxşılaşmağa doğru gedir. Hələ bir neçə əməliyyat da keçirməlidir ki, normal yeriyə bilsin. Bu yerdə, Türkiyədə onu əməliyyat etmək üçün haqq almayan professor Muharrem İnan bəyə də təşəkkürlərimiz var!..
***
5 yaşı olanda ibtidai sinif müəlliməsi kəşf edib Samirənin rəssamlıq qabiliyyətini. “O adi almanı belə hər kəsdən fərqli çəkir” deyən Təbərük müəllimə anasına, Samirədə rəsmlə bağlı fərqli bir qabiliyyətin olduğunu bildirir.
Samirə 6 ildir rəsm çəkir. Son 3 ildə isə peşəkarcasına məşğul olur bu sənətlə. Aytən müəllimənin köməyi ilə böyük uğurlar qazanmağa başlayan Samirənin sərgisində iştirak edən müəlliməsi ən azı Samirənin özü qədər sevinirdi və xoşbəxt idi…
“Mən bütün rəsmlərimdə özümün düşüncələrimi, arzularımı çəkirəm” deyir ağıllı və utancaq Samirə…

İşğal altında olan rayonlarımızdan deyil Samirə. O bölgələri heç görməyib də… Amma sərgisində Kəlbəcər və digər o dilbər guşələrimiz özəl yer tutur. Onun bütün əsərlərində sevgi və ümid bir xətt kimi keçir… Ümidsizlikdə belə ümid… İnşallah, Yaradana böyük sevgisi və içərisindəki böyük ümid ona hər zaman kömək olacaq və o tamamilə saglamlğına qovuşaraq, böyük uğrlara imza atacaq…
Ümid edirəm ki, imkanlı insanlar Samirəyə dəstək olacaq. O da qoltuq ağaclarından qurtulacaq, sərbəst yeriyəcək, sağlamlığına tam qovuşacaq və yeni-yeni sənət uğurları ilə sevindirəcək onu tanıyanları, sənətsevərləri. Və arzu edir, inanıram ki, bir gün adı təkcə Azərbaycan daxilində deyil, bütün dünyada duyulan bir rəssam olacaq Samirə. O belə bir istedada, sevgiyə malikdir.
Uğurlar sənə, əziz və sevimli Samirə…

Millət vəkili Qənirə Paşayeva


Teqlər:  





Xəbər lenti