XİN: Azərbaycan-Serbiya əlaqələri inkişaf edir
E.Məmmədyarov bu illər ərzində Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birilərini dəstəklədiklərini qeyd edib. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığın bildirib.
E.Məmmədyarov 2013-cü ilin 8 fevral tarixində iki ölkənin dövlət başçısı tərəfindən “Dostluq Münasibətləri və Strateji Əməkdaşlığa dair” bəyannamənin imzalanması ilə Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə keçdiyini vurğulayıb. Həmçinin nazir, sözügedən bəyannamənin Azərbaycan-Serbiya əməkdaşlığının daha da genişlənməsi üçün yeni perspektivlər yaradacağını bildirərək, orada müəyyənləşdirilmiş məqsədlərin gələcək illərdə də müvəffəqiyyətlə reallaşdırılacağından əminliyini ifadə edib.
Serbiyanın xarici işlər naziri İ.Daçiç E.Məmmədyarova ünvanladığı məktubunda ötən müddət ərzində qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin möhkəmləndirilməsilə yanaşı, iki ölkə arasında üzunmüddətli və sıx əməkdaşlıq üçün stabil əsas yaradıldığını bildirib. Nazir Serbiya və Azərbaycan arasında bərabərlik və qarşılıqlı inam prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlığın yüksək pilləsində inkişaf etməsindən məmnunluğunu ifadə edib. İ.Daçiç birgə səylər nəticəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib.
Sonda serbiyalı nazir ölkəsinin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə təşəkkürünü ifadə edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN