Siqaret qutusunda narkotik keçirmək istədi

  14 Sentyabr 2013    Oxunub : 340
Siqaret qutusunda narkotik keçirmək istədi
Bakı İstintaq təcridxanasına və Qobustan Həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Sentyabrın 13-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Mustafayev İlqar Füzuli oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin müvəqqəti saxlanma yerindən təcridxanaya daxil olarkən üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasında "Davıdoff " siqaret qutusunun içərisindən bir ədəd SİM danışıq kartı və bir ədəd siqaret kağızına bükülmüş ümumi çəkisi 0,28 qram olan narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İlqar Mustafayev Cinayət Məcəlləsinin 206.3.2(Qaçaqmalçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 234.4.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama); 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddələri ilə ittiham edilir.
Sentyabrın 13-də keçirilən digər əməliyyat zamanı isə Qobustan Həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Belə ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1992-ci il təvəllüdlü, məhkum Emil Əvəz oğlu Nəsirova xalası oğlu vətəndaş Asif Qərbəli oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zaman "Arko" gel flakonunun içərisində xüsusi üsulla yerləşdirilmiş 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Emil Nəsirov Cinayət Məcəlləsinin 331.3 (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi); 331.2 (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi); 29 (Cinayət etməyə cəhd); 120.1(Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə); 68.1.1 (Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası; intizam xarakterli hərbi hissədə saxlamanın bir günü); 66.3 (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələri ilə təqsirli bilinərək 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az

Teqlər: