Ermənistan Qarabağda robot tanklardan istifadə edəcək?

Ermənistan Qarabağda robot tanklardan istifadə edəcək?
  30 Sentyabr 2017    Oxunub:6117
Ermənistanda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Armkopters" şirkəti tərəfindən uzaq məsafədən idarə olunan robot tank nümayiş edilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sözügedən robot "Digitec-Expo 2017" texnologiya sərgisində təqdim olub.
"Bu robot yalnız konkret hərbi təyinatlı məqsədlər zamanı istifadə üçündür. Tankın modernləşdirilməsi Ermənistanda aparılıb. Üzərində kameralar və silah yerləşdirmək mümkündür. 5 km qədər məsafədən idarə edilən tank kəşfiyyat, müdafiə və hücum təyinatı ilə istifadə edilə bilər"- deyə "Armkopters" şirkətinin rəhbəri Armen Safaryan bildirib.

O, tankın yaradılmasında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma qurumun "Müdafiə Nazirliyi" ilə birgə əməkdaşlığın başlandığını və hazırda sınaqların aparıldığını deyib: "Növbəti test və sınaqların keçirilməsində onlar tərəfindən də (qondarma qurum- red) maraq var və sifarişlərin olacağı mümkündür."

Armen Safaryan robot tankın modernləşməsinin Ermənistanda aparıldığını bildirərək təqdim edilən robot layihənin Ermənistana aid olmadığını etiraf edib.

Aprel döyüşlərindən sonra, informasiya texnologiyaları sahəsində yaranan böyük fərqi qapatmağa çalışan Ermənistan robot texnologiyaları sahəsində məsafədən idarə olunan tank layihələrinə özbaşına başlaya bilməzdi.

Təbii, təqdim edilən robot layihə dövlətlərarası müdafiə sənayesi qurumları arasında aparılır. Əsas məsələ layihənin işğal edilən ərazilərdə yerləşən qondarma qurumla birgə icra edilməyə başlanması və sınaqların keçirilməsidir.

Ümumən, bu tipli robotlar əsasən kəşfiyyat və minatəmizləmə əməliyyatlarında tətbiq edilir. İraq, Əfqanıstan, Çeçenistan, Ukrayna və Suriyada aparılan hərbi əməliyyatlarda çoxfunksiyalı robot tanklardan istifadə edilib.

Hazırda, düşmənin nümayiş etdirdiyi robot tank üzərində kamera və "İqla" raket əleyhinə kompleksə bənzər maket daşıyır. Robot çevik manevr imkanları və sürətli hərəkət qabiliyyəti ilə seçilmir. Üzərində çoxfunksiyalı cihazların yerləşdirilməsi üçün imkanlara malik deyil.

Robotun dağlıq ərazilərdə dırmanma və ya düşmə imkanlarının məhdudluğunu nəzərə alarsaq, onun Qarabağda aparılacaq mümkün döyüş əməliyyatları şəraitində də faydasız olacağı şübhə doğurmur.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Qaabağ  





Xəbər lenti