Bakıda 4-cü Gənclər Film Festivalı keçirilir - FOTOLAR
Azərbaycanlı gənc rejissorların çox istedadlı olduğunu vurğulayan festivalın direktoru Mayk Reyborn onların gələcəkdə amerikalı rejissorlarla birgə beynəlxalq festivallarda uğurlar əldə edəcəklərinə əminliyini ifadə edib. O bildirib ki, builki festivalda 40-dan çox gənc azərbaycanlı rejissorun ekran işi nümayiş olunacaq və sonda üç qalib filminin müəllifi mükafatlandırılacaq.
Kann Film Festivalının iştirakçısı, rejissor Pablo Mahave isə hazırda informasiya texnologiyaların inkişafı ilə əlaqədar telefon vasitəsilə də yüksək keyfiyyətli filmlərin çəkilişinin mümkünlüyünü qeyd edib. Diqqətə çatdırıb ki, bu yaxınlarda “iPhone”la çəkilən film beynəlxalq film festivalının qalibi olub.
Daha sonra qaçqın və məcburi köçkünlərə həsr olunmuş qısametrajlı filmlər nümayiş olunub.
Qeyd edək ki, festivalın builki mövzusu “Öz hekayəni danış”dır.
Oktyabrın 3-dək davam edəcək festivalda Azərbaycan, Amerika və Avropa istehsalı olan ekran əsərləri nümayiş etdiriləcək.
Festivalda bölgələrdən - Gəncə, İmişli, Quba, Xaçmaz, Balakən və Zaqataladan olan gənc rejissorların filmləri də birincilik uğrunda mübarizə aparacaq.
Festival çərçivəsində ustad dərslərinin təşkili də nəzərdə tutulur.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: ABŞ