Baş pediatr valideynlərə xəbərdarlıq etdi

Baş pediatr valideynlərə xəbərdarlıq etdi
  02 Oktyabr 2017    Oxunub:2749
"Ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmayıb"
AzVision.az xəbər verir ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, valideynlər uşaqların qidalanmasına diqqət etməlidir.

“Bu, o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir. Əgər evdə olarkən uşaqlarda xəstələnməyə meyillilik gördükdə məktəbə göndərmək əvəzinə tibb mütəxəssisinin yanına aparmaq lazımdır”.

N.Quliyev qeyd edib ki, payız mövsümü olsa da, havaların soyuması tədricən yox, anidən baş verdi: "Uşaqların bu rejimə uyğun geyindirilməsi və qorunması tələb olunur. Lakin bu məsələyə hər valideynin fərqli yanaşması olur. Təəssüf ki, bütün valideynlər prosesləri düzgün şəkildə qiymətləndirə bilmir. Bəzən etinadsızlıq edir, bəziləri də bunu unudur. Nəticədə zərərçəkən uşaqlar olur".

Baş pediatr əlavə edib ki, payızda bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da məktəblərin açılması kollektivlərdə uşaqlar arasında mövsümü xəstəliklərin artmasına zəmin yaradır: "Belə şəraitdə xəstəliklərin yayılma riski də yüksəkdir. Ona görə də həm müəllimlər, həm də valideynlər uşaqlarla təmasda olan yaşlı insanlar bu məsələləri düzgün qiymətləndirərək onları qorumağı bacarmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Baş-Pediatr  





Xəbər lenti